Qazaxıstandan geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur -

Qazaxıstandan geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur

Qazaxıstandan geri qaytarılan kartof nümunələrində təkrar laboratoriya yoxlamaları aparılıb, nematod və ya onların sistalarına rast gəlinməyib.

 

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycandan ixrac olunan təzə kartof məhsulunun Qazaxıstandan geri qaytarılması ilə əlaqədar açıqlama yayıb.

 

Bildirilir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm “Qızılı kartof nematode” (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb.

 

Geri qaytarılmış kartof məhsulundan təkrar nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib.

 

“Qazaxıstandan geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq, yüklərdən təkrarən nümunə götürülərək hər hansı bir üçüncü ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib”, - deyə açıqlamada qeyd olunur. 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !