Məzahir Süleymanzadə: - "1001 Gecə" varsa, niyə "1001 Səhər" olmasın?

Məzahir Süleymanzadə: "1001 Gecə" varsa, niyə "1001 Səhər" olmasın?

Aldığımız məlumata görə iri həcmli "1001 Səhər" kitabı nəşr olunacaq. Bununla əlaqədar "Səhər" qəzetinin yaradıcısı və baş redaktoru, Əməkdar Mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə ilə söhbətləşdik. Məzahir müəllim xəbəri təstiqlədi:
-Əlbəttə, hazırda bu kitabın çapa hazırlanması istiqamətində yaradıcılıq işləri davam etdirilir. Düşünürəm ki, kitab həm oxucuların, həm də mətbuat tədqiqatçılarının marağına səbəb olacaq...
-Gəlin, "1001 Səhər" kitabını indidən xəyalən vərəqləyək. Bu, mümkündürmü?
-Mümkündür. Mən sizə bir sirr açım. Əslində, bu nəşr "Səhər" qəzetinin vaxtilə çap olunmamış 1001-ci nömrəsidir. O zaman biz qəzetin 1002-ci nömrəsini buraxdıq, amma 1001-ci nömrəni saxladıq. Düşündük ki, "1001 Gecə" nağılları varsa, "1001 Səhər" niyə olmasın? "Səhər" müstəqil Azərbaycan mətbuatının ilk qaranquşudur, ilk nömrəsi 1989-cu il avqustun 4-də "Kommunist" qəzetinin əlavəsi kimi nəşr olunub, 1990-cı ilin qanlı Yanvar qırğınından sonra müstəqilləşib. "Səhər" müstəqilliyimizin ilk illərinin salnaməsidir. Bizim hələ o zaman dərc etdiyimiz xəbərlər elə indi də qərəzsiz, etibarlı informasiya mənbəyidir. 20 Yanvar qırğını, Xocalı soyqırımı və başqa hadisələr zamanı "Səhər"in əməkdaşları əsl vətəndaşlıq mövqeyi və peşəkarlıq nümunəsi göstərmişlər. "Səhər" Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla nəşr olunan yeganə qəzetdir. 1992-ci ilin oktyabrında məhz "Səhər" qəzetinin təşkilatçılığı ilə ölkə jurnalistlərinin böyük bir qrupu Naxçıvana gedib Ümummilli liderimiz Heydər Əliyevlə lampa işığında dörd saatlıq unudulmaz görüş keçirmişlər. Bütün bunlar, əlbəttə, "1001 Səhər" kitabında öz əksini tapacaq.
-Məzahir müəllim, kitabda daha kimlərin imzalarını görə biləcəyik?
-İlk növbədə "Səhər"in aparıcı simaları olan Şakir Yaqubovun, Hidayət Elvüsalın...Sonra Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Məmməd Aslan, Şahmar Əkbərzadə, Musa Yaqub, Fikrət Sadıq, Xəlil Rza Ulutürk, Sücaət, Rəfail Nağıyev, Etibar Etibarlı, Akif Qəhrəmanov kimi qüdrətli qələm sahiblərinin...Daha sonra Zülfüqar Rüfətoğlu, Araz Qurbanov, Elman Qədirov, Süleyman Qaradağlı, Çingiz Ələskər, Zöhrab Alməmmədli, Tofiq Yusifov, İmran Bədirxanlı, Sənubər Əkbərova, Svetlana Şıxəliyeva, Rizvan Hilaloğlu, Zemfira Ələkbərova kimi əməkdaşlarımızın yazılarını, Şahin Abasəliyevin, Rauf Umudovun, Rasim Sadıqovun, Fərman Bağırovun çəkdikləri şəkilləri...Əlbəttə, hamının adını çəkmək mümkün deyil...
-Siz əvvəllər də "Səhər" haqqında kitab nəşr etdirmisiniz...
-Bəli, mənim "Güllələnmiş qəzet" kitabım çıxıb. Şakir Yaqubovun da "Mən şahidəm ki..." kitabı "Səhər" qəzeti haqqındadır. Biz "Qara Yanvar dialoqu" kitabında da "Səhər" qəzeti barədə ətraflı söhbət açmışıq.


Günel Məmmədova. AZpress.AZ. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !