Məzahir Süleymanzadə : - "Yaxşı adamlar şəhəri"

Məzahir Süleymanzadə : "Yaxşı adamlar şəhəri"

 Sumqayıt...Əlbəttə ki, mən bu şəhərdə dəfələrlə olmuşam, hətta bu şəhərin otuz, qırx illik yubileyləri keçirilərkən qəzet üçün reportajlar da hazırlamışam. Sumqayıtın səsli-küylü zavodları, tüstülü-dumanlı havası, işə tələsən adamları, dolub-daşan trolleybusları, tramvayları, avtobusları da yadımdadır. Dünyanın heç bir şəhərində belə fərqli adamlar yaşamayıblar. Azərbaycanın, demək olar ki, bütün kəndlərindən, şəhərlərindən Sumqayıta adamlar gəlib və hərəsi bir ləhcə, bir mədəniyyət gətirib. O zaman Sumqayıt var idi, amma sumqayıtlı yox idi...
Açığı, Sumqayıt o qədər də qəlbimə yatmayıb, xoşuma gəlməyib. Hündür binaları, geniş küçələri olsa da, burada yaşayanlar uzun illər şəhərli ola bilməyiblər, hər məhəllənin öz mentaliteti olub. Adamlar da kasıbçılıqla dolanıblar. Bakının, necə deyərlər, qulağının dibində olsa da, Sumqayıtda şəhər ənənəsi formalaşmayıb. Yalnız iş, ucuz ev axtaranlar bu şəhərə üz tutublar...Ancaq bütün bunlar çoxdan, lap çoxdan olub. Şəhərə də "Gənclik şəhəri", "Kimyaçılar şəhəri", "Sosialist şəhəri" deyiblər...
...1993-cü ildən bəri - Mehdi Hüseynzadə adına şəhər stadionunda "Səhər" Superkuboku uğrunda futbol oyunu keçiriləndən sonra bu şəhərə yolum düşməmişdi. Bir-neçə dəfə unudulmaz Məmməd Aslanı maşınla Sumqayıta aparmışdım, vəssalam...Ümumiyyətlə, Sumqayıt deyiləndə ilk növbədə yadıma söz və sənət adamları düşür. Mənim üçün Sumqayıt unudulmaz Vaqif İbrahim, gözəl şairlərimiz Vahid Əziz, Əşrəf Veysəlli, İbrahim İlyaslı, əskərlik dostum olan Rafiq Yusifoğlu, peşəkar qələm dostlarım Rəhman Orxan, Əli Nəcəfxanlı, Rasim Sadıqov, Aida Eyvazlı, Ofelya Babayeva, Zümrüd Baloğlanova, Nurəddin Mənsur deməkdir. Sumqayıt adı çəkiləndə dodağım qaçır, sevinclə, fərəhlə adaşım Məzahir Süleymanovu, Afaq Bəşirqızını, Valeh Kərimovu, İzaməddin Bağırovu, Cəlal Məmmədovu, Heybət Hörməti və başqalarını xatırlayıram. Əlbəttə, hamının adını çəkmək mümkün deyil, bütün sənət və söz adamlarının qəlbimdə öz yeri var.
Bir-neçə gün əvvəl uzun illərdən sonra yenidən Sumqayıta qədəm basdım. Şair-jurnalist Əli Nəcəfxanlını 60 illik yubileyi münasibətilə təbrik etməyə getmişdim. Gözlərimə inanmadım! Sumqayıt da başqa idi, sumqayıtlılar da! Sumqayıt ziyalıları ilə ünsiyyətdə olmaq məni zənginləşdirdi, fərəhləndirdi. Adamların gözlərində parlaqlıq, rəftarında səmimilik dərhal nəzərə çarpırdı. Onlar sumqayıtlı olduqları üçün iftixar hissi keçirirdilər. Bəli, Sumqayıtda yeni nəsil yetişib, həyata, quruculuğa yeni münasibət formalaşıb. Ən başlıcası isə, sumqayıtlıların sabaha inamı artıb. Bakıya qayıdarkən yol yoldaşlarım Elçin Hüseynbəyli, Tahir Aydınoğlu, Azad Müzəffərli, Yağmur Xəzanla bu barədə danışdıq. Ümumi fikrimiz belə oldu ki, vaxtilə "Gənclik şəhəri", Kimyaçılar şəhəri", "Sosialist şəhəri" adlandırdığımız Sumqaıt bu gün sadəcə, vətənpərvər və yaxşı adamlar şəhəridir!..

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !