Məzahir Süleymanzadə : - "Güllü corab"

Məzahir Süleymanzadə : "Güllü corab"

Anamla bağlı maraqlı bir xatirə yadıma düşdü...Doxsanıncı illərin əvvəllərində, Qarabağ müharibəsinin qızğın çağında cəbhə bölgəsinə tez-tez gedərdim. Laçını, Kəlbəcəri, Şuşanı, Cəbrayılı, Ağdamı, Xocalını, Füzulini, Xankəndini əsasən qeyrətli qələm dostum Ziyəddin Sultanovla birgə gəzərdik. Bəzən zirehli maşına minərdik, bəzən Yevlaxa gəlib dağlara helikopterlə uçardıq, bəzən də risk edərək Şahmarın "Niva"sı ilə səyahətə çıxardıq...Bu səfərlərin birində bazardan daim məndən nigaran qalan anam Umleyla Nəcəfqulu qızı üçün bir cüt güllü corab almışdım. Corab xoşuna gəldi, çox sevindi. Səhər isə gördüm anamın əhvalı dəyişib, qayğılı görünür. Ağ birçəyindən öpüb soruşdum:
-Təzə corabını niyə geyinməmisən, ay ana?
-Mən o corabı geyinə bilmərəm, bala, ayaqlarım od tutub yanar...
-Niyə, ay ana, gör nə gözəl toxunub, özü də xalis yundandır.
-Gözəl olmağına gözəldir. Amma o corabı qışın soyuğunda, qarında səngərdə dayanan, vətən torpağını qoruyan əskər üçün toxuyublar. Mən onu geyinə bilmərəm...
-Axı onu özüm halal qazancımla bazardan almışam...
-Yox, oğul, o corabı Gülzar adlı bir xanım toxuyub, əskərlərimizə göndərib. Bax, corabın içindən bir məktub da çıxardım...
Anamdan məktubu alıb oxudum: "Əziz əskər balam! Mən sənin adını, hansı rayondan, hansı kənddən olduğunu bilmirəm. Bunun heç əhəmiyyəti də yoxdur. Əsas odur ki, sən əlində silah, torpaqlarımızın keşiyini çəkirsən, düşmənlə üz-üzə dayanmısan. Mən də ağbirçək nənəyəm, gücüm elə corab toxumağa çatır. Bu corabı da səninçün toxudum, qoy ayağın isti olsun. Səni və əskər yoldaşlarını bağrıma basıb öpürəm. Dualarım sizinlədir! Hörmətlə, Gülzar nənə. Ağsu rayonu, 24 fevral, 1991-ci il."
O zaman müxtəlif kəndlərdən, şəhərlərdən humanitar yardım, sovqat göndərirdilər. Təəssüf ki, bu yardımın bir qisminin sorağı bazarlardan gəlirdi.
Duyğulandım...Corabı anamdan alıb məktubu yenidən onun içinə qoydum. Anama söz verdim ki, lap yaxın günlərdə Gülzar nənənin məktubu ünvanına yetişəcək...
Elə həmin gün anamın adından bir səbət meyvə alıb yenidən cəbhə bölgəsinə yollandım. Komandirlə məsləhətləşib Gülzar nənənin toxuduğu corabı ən cəsur əskərlərdən birinə verdim. Axşamtərəfi qızğın döyüş başlandı...

 


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !