Olympic Moves proqramının rayondaxili mərhələsi sona çatıb - + FOTO

“Olympic Moves” proqramının rayondaxili mərhələsi sona çatıb + FOTO

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” proqramının rayondaxili mərhələsi sona çatıb.

 

İlk dəfə 2015-ci ildə Bakı şəhərinin məktəbləri arasında keçirilən yarışların arealı bu ildən genişləndirilib. Belə ki, oyunlar paytaxtla yanaşı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunda da baş tutub.

 

Proqram çərçivəsində məktəblilər 5 idman növü: voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışlarda iştirak ediblər.

 

Gəncə şəhəri, Kəpəz rayonu üzrə velosiped idmanı növündən finala 38 saylı məktəbin komandası vəsiqə qazanıb.

Məktəbin idman müəllimi İlqar Paşayev “Olympic Moves”un Gəncə şəhərində də keçiriləcəyini biləndə çox sevindiklərini deyir. O, yarışları yüksək səviyyədə keçirdikləri üçün təşkilatçılara öz minnətdarlığını bildirir.

 

“Biz yarışlara hazırlaşarkən idman avadanlıqları barədə əvvəlcə narahat idik, lakin proqram çərçivəsində velosipedlər və digər avadanlıqlarla təmin edildik. Yarışlar isə gözlədiyimdən də yaxşı təşkil olunmuşdu. Hər şey yarış qaydaları çərçivəsində aparıldı. “Təhsil” Respublika İdman Mərkəzi öz məşqçi və hakimləri ilə oyunlara nəzarət etdilər. Yarış Kəpəz rayon stadionunda baş tutdu. Çətinlik çəkəcəyimizi düşünürdük, amma hakim və məşqçilər bizi – müəllimləri kənarda saxladılar, uşaqlar onların nəzarətində idi və bütün yarışı özləri təşkil etdi, bizə ehtiyac olmadı”.

İlqar müəllim iyun ayında Bakıda baş tutacaq final mərhələsinə yaxşı hazırlaşdıqlarını və şagirdlərinin qalib gələcəyinə inandığını deyir.

“Komanda Respublika Birinciliyinə - final

a hazırlaşır, fikrimiz odur ki, qələbəylə qayıdaq. Məktəblilərin yarışlara ilk gündən marağı vardı, lakin finala vəsiqə qazandıqda onların həvəsi daha da artdı, ümid edirəm ki, Bakıda da uğurlu nəticə göstərəcəklər. Finalda, ən azından ikinci yeri gözləyirik. Nəinki şagirdlər, elə valideynlər də çox sevinir ki, övladları finalda çıxış edəcəklər.
Mən şadam ki, ölkəmizdə velosiped idmanına böyük diqqət ayırılır. “Olympic Moves” da bu növün təbliğinə xidmət edir. Nəticədə, gələcək illərdə daha çox komanda yarışlarda iştiraka iddialı olacaq”.

 

38 saylı məktəbin velosiped idmanı komandasının üzvü Rəvan Məmmədov finala vəsiqəni əzmkarlıqları və çalışqanlıqları hesabına qazandıqlarını bildirir.

 

“İdman müəllimimiz əvvəlcə “Olympic Moves” barədə bizə məlumat verdi və iştirak etmək istəyən şagirdlər məktəbdaxili yarışlara qoşuldular. Beləliklə, bizim komanda formalaşdı və məşqlərə başladıq. Biz əzmlə çalışırıq. Rayondaxili mərhələyə bir ay qalmış hər gün gedib məşq edirdik. Hələ də hər gün məşq edirik. Mənə görə, bugünə qədər olan yarışlar həm maraqlı, həm də həyəcanlı keçdi. Yaxşı hazırlaşdığımız üçün özümüzə güvənirdik və qalib olduq. Final barədə də həyəcanlıyam. Yaxşı nəticə əldə edəcəyimizə inanıram. Düşünürəm ki, bundan sonrakı həyatımda velosiped idmanı ilə məşğul olmağa davam edəcəyəm”.

 

Rəvanın komanda yoldaşı Elvin Mahmudov da elə ilk gündən hədəflərinin qələbə olduğunu söyləyir. “Olympic Moves”un onlara qələbə hissini yaşatmaqla yanaşı, həm də yaxşı dostlar bəxş etdiyini deyir:

“İlk dəfə yarışa gedəndə həyəcanlıydım, amma yarışın ədalətli və qaydalar çərçivəsində keçdiyini görəndə həyəcanım biraz azaldı. İndi özümüzü respublika birincisi olmağa hazırlayırıq. Rayondaxili mərhələdə ikinci yerə layiq görülən komanda üzvləri ilə isə yaxşı münasibətimiz yarandı. Onlarla sosial şəbəkələrdə yazışırıq, bizdən nə vaxt finala gedəcəyimizi, finalın necə keçəcəyini soruşurlar, maraqlanırlar. Biz də onları növbəti illər üçün ruhlandırmağa çalışırıq”.

 

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru İntiqam Hüseynov da məktəblilərin asudə vaxtını səmərəli keçirməsi, sağlam həyat tərzinə yiyələnməsi üçün idmandan yaxşı fəaliyyətin olmadığını deyir:

 

“Bu idman yarışları uşaqların fiziki inkişafını təmin etməklə yanaşı, onlara çox böyük sevinc də bəxş edir. “Olympic Moves”, sanki, festival kimi keçirilir. Bu da uşaqları həvəsləndirən amillərdəndir. Artıq Gəncə şəhər məktəbliləri özləri müraciət edir, maraqlanırlar ki, davamı olacaqmı? İstərdik “Olympic Moves” gələcək illərdə bütün rayonları, şəhərləri əhatə etsin. Proqram çərçivəsində Gəncə şagirdlərinin göstəricilərini normal qiymətləndirirəm. Bizim mərkəzin müəllimləri də yarışlardan istedadlı uşaqları üzə çıxarırlar. Gəncədə “Olypmic Moves” ilk dəfədir keçirilir, bunu nəzərə alaraq deyə bilərəm ki, nəticələr yaxşıdır. Proqramda velosiped idmanınamaraq çox oldu. Digər idman növləri məktəblərdə fənn kimi tədris olunsa da, badminton və velosiped idmanı şagirdlər üçün yenilik oldu. Nəticələr göstərir ki, məktəblilər arasında bu beş idman növü üzrə çox istedadlı, gələcəkdə yığma komandanın tərkibində iştirak etməyə layiq uşaqlar var”.

 

“Olympic Moves” ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

 

Qeyd edək ki, Proqramın final mərhələsi 4-6 iyun tarixlərində Bakı şəhərində keçiriləcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !