Əliş Əvəz : - MƏN DƏYİŞMƏDİM

Əliş Əvəz : MƏN DƏYİŞMƏDİM

Tələbəlik yoldaşım, əziz dostum ƏFLATUN AMAŞOV ona həsr etdiyim "İki zəvvar " (2006) şeirimi feysbuk səhifələrində paylaşmışdır. Onun ünvanıma dediyi sözlər məni çox duyğulandırdı, Moskvanın bu soyuq günlərində qəlbimi isitdi. Qədirli dostuma bu ruh oxşamasına görə dərin minnətdarlığımı bildirirəm. O mənim haqqımda yazır: " Dəyişmədi, türklüyünü, azərbaycanlılığını unutmadı, dostlarına daha sədaqətli oldu." Eyni ilə bu sözləri mən də dərin səmimiyyətlə onun adına yazıram. Bu düzümlü hisslərin təsiri ilə yazdığım "Mən dəyişmədim" şeirim isə daxilən yenə də hər ikimizə ünvanlanmışdır. Bir də demək istəyirəm ki, qoy bu şeir bir fərdi təkəbbür, qürur kimi anlaşılmasın. Ədəbiyyat həm də ümumiləşdirmədir. Nə yaxşı ki dünya belə "dəyişməyən" dostlardan, əsil insanlardan xali deyil!

 

Məni mən xəlq edib məni yaradan,
İnsanlar dəyişdi, mən dəyişmədim!
Qərinələr gəldi keçdi aradan,
Zamanlar dəyişdi, mən dəyişmədim!

 

Meyvə dad itirdi, bağlar dəyişdi,
Tarix ləngərləndi, çağlar dəyişdi,
Torpaq silkələndi, dağlar dəyişdi,
Azmanlar dəyişdi, mən dəyişmədim!

 

Gün itib, dünyanın dumanı gəlib,
Yaxşıları gedib, yamanı gəlib,
İblisin, dəccalın zamanı gəlib,
İmanlar dəyişdi, mən dəyişmədim!

 

Bəşər ağa qara deyəndən bəri
Üzüldü əllərdən haqqın əlləri.
Yad havalar çalır sazın telləri,
Gümanlar dəyişdi, mən dəyişmədim!

 

Əliş, köhnə deyib qınama bizi,
Gətir öpüm haqqı axtaran gözü.
Bir olar kişinin sifəti, sözü,
Nadanlar dəyişdi, mən dəyişmədim!

 

Əliş Əvəz 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !