Məzahir SÜLEYMANZADƏ : - MƏMMƏD QƏDİR ZİRVƏSİ

Məzahir SÜLEYMANZADƏ : MƏMMƏD QƏDİR ZİRVƏSİ

Məmməd Qədir müasir Azərbaycan poeziyasının zirvələrindən biridir. Sadəcə, biz hələ bu zirvəni görmürük, ya da ki, görmək istəmirik. Bəlkə bunun bir günahkarı da elə Məmməd Qədirin özüdür. O, zirvədə ola-ola həm də bizim aramızdadır. Biz onu görmək, duymaq üçün uzaqlara boylanmırıq, sağa baxırıq - Məmməd Qədiri görürük, sola baxırıq - Məmməd Qədiri görürük. O, bizdən fərqli olsa da bizim birimizdir. Məmməd Qədirin böyüklüyü də ondadır ki, zirvədə olduğunu hiss elətdirmir. Bizim kimi yaşayır, bizim kimi sevinir, bizim kimi cəfa çəkir, amma...bizdən fərqli yazır!..
Məmməd Qədirin dörd kitabı nəşr olunub. İndiki zamanda kitabla tanınmaq mümkün deyil, kitabların ən yaxşı halda üç yüz-beş yüz tirajı olur, onu da müəllif dost-tanışına, qohum-əqrəbasına bağışlayır. Məmməd Qədir bunu çox yaxşı bilir. Onun oxucularla əsas görüş yeri isə sosial şəbəkədir. Məmməd Qədiri sevirlər, onun yolunu gözləyirlər. Minlərlə, on minlərlə oxucu Məmməd Qədiri özünə doğma bilir. Məmməd Qədir də onların qəlbinə yol tapmağı bacarır.
Mən də hamı kimi əvvəlcə onun şeirlərini oxudum. Sonra Xaçmaza gedib özü ilə şəxsən tanış oldum. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda və Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans salonunda kitablarının təqdimatında iştirak etdim. Bu mərasimlərdə Məmməd Qədir yaradıcılığı haqqında söz demək, fikir söyləmək imkanım da oldu. O vaxtdan Məmməd Qədir poeziyası sözümün, söhbətimin əsas mövzusuna çevrildi. Qəribədir, Məmməd Qədir haqqında söz deyəndə başqalaşıram, sevinirəm, iftixar hissi keçirirəm. Bircə ona təəssüflənirəm ki, yaddaşım zəifləyib, şeir əzbərləyə bilmirəm. Bu məsələdə dostumuz, təcrübəli naşir Cəfər Əzizoğlu dadıma çatır. O, Məmməd Qədirin şeirlərini böyük həvəslə, vurğunluqla söyləyir.
Məmməd Qədir hər gün yazır, özü də elə yazır ki, qətiyyən özü-özünü təkrarlamır. Bir cəhətə də fikir vermişəm, son vaxtlar cavanlar biri-birinə Məmməd Qədirin şeirləri ilə gönül açırlar. Onun poeziyasının cazibəsindən çıxmaq mümkün deyil. Bundan savab iş, bundan böyük xoşbəxtlik olarmı?!.
Şübhə etmirəm ki, Məmməd Qədirin növbəti, sayca beşinci kitabı da oxucuların sevincinə səbəb olacaq, Azərbaycan ədəbi mühitində hadisəyə çevriləcək.

 

Məzahir SÜLEYMANZADƏ,
Yazıçı-publisist, Ali Media mükafatı laureatı. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !