Əliş Əvəz : - Bir cüt zəvvar haqqa doğru yol gedir ( Əflatun Amaşova həsr olunur )

Əliş Əvəz : Bir cüt zəvvar haqqa doğru yol gedir ( Əflatun Amaşova həsr olunur )

Əliş müəllim (Əliş Əvəz) aşağıdakı şeirini mənə həsr edib. Özünün də dediyi kimi, səmimi hisslərinin təzahürüdür. Doğrudan da elədir. Birlikdə Bakıda oxumuşuq, Moskvada Zasurskinin mühazirələrini dinləmişik. Təhsilimizi bitirdikdən sonra mən Bakıya döndüm, o isə orada qaldı, müxtəlif məsul vəzifələrdə çalışdı. Dəyişmədi, türklüyünü, azərbaycanlılığını unutmadı, dostlarına daha sədaqətli oldu. Biz 40 illin dostlarıyıq. Məndən fərqli olaraq elə bir bayram, elə bir əlamətdar gün olmayıb ki, məni təbrik etməsin. hər dəfə təəssüflənmişəm ki, niyə yenə o məni qabaqladı. Çarəsizlikdən elə hər dəfə də onun mənə 2006-ci ildə yazdığı həmin şeiri oxuyuram. Artiq əzbərləmişəm. Əminəm ki, Əliş o seiri mənə unutdurmayacaq. İnanın ki, əgər Əliş müəllim Sizin dostunuz olsaydı, onun kimi bir dəyərli Şəxslə söhbət belə etsəydiniz ozünüzü necə xoşbəxt sanardınız... 

 

 

***

 


İKİ ZƏVVAR

 


( Əziz dostum, qardaşım Əflatun Amaşova )

 


Ey könül həmdəmim, ürək sirdaşım,
İlahi nurudur qəlbində sevgin.
Zirvəyə ucalan ömürüm, yaşım
Adınla məğrurdur, ününlə öygün!


Səninlə keçən ilk gənclik günlərim
Şirin duyğulara qəlbimi bələr.
Qoy ötən illərə məktub göndərim,
Bəlkə uzaqlardan dönüb gələlər.


Bəlkə tarix dönə, qaytara geri
Neçə-neçə itən səsi, avazı...
Atalar dünyadan köçəndən bəri
Solğun güllər açır illərin yazı.


Zaman sınağından keçirdi bizi,
Qara qasırğalar ötdü aradan.
Məmləkət ağrılı ürəyimizi
Bizə çox görməsin ulu Yaradan.


Tanrı bizi yenə imtahan edir,
Bu dünya sədəfdir, saf incisi sən.
Bir cüt zəvvar haqqa doğru yol gedir,
Birincisi sənsən, ikincisi mən.


12.07.2006, Moskva

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !