Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. -

Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

 Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev hələ Sovetlər dönəmində Respublikaya rəhbərlik etdiyi illərdə daim iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyi qarşısına mühüm məqsəd kimi qoymuşdur. Bir qayda olaraq doğma dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı tövsiyə edir və bu sahədə ictimai fikir formalaşdırırdı. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyə, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağa çalışırdı.

XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Heydər Əliyev ilk növbədə xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu!

Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın “ Ömrünü xalqına həsr edən ulu şəxsiyyət “ , Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “ Heydər Əliyev müasir Azərbaycanın qurucusu “, Ümumitarix kafedrasının dosent əvəzi Etibar Musayevin “ Azərbaycanın milli intibahını təmin edən lider “, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun “ Azərbaycanın özü qədər əbədi “ adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Məruzələrdə Ulu Öndərin Vətənə, xalqa bağlılığı, son dərəcə əziyyətli, lakin şərəfli fəaliyyəti, dövlət quruculuğunda, müstəqilliyin qorunub möhkəmləndirilməsində, daxili və xarici siyasətdə misilsiz xidməti öz əksini tapmışdır. Qeyd olunub ki, Heydər Əliyevin hazırladığı milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarılıb. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi. Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu. Məhz Heydər Əliyevin yeritdiyi uzaqgörən xarici siyasət, diplomatik səylər nəticəsində dünya birliyi Dağlıq Qarabağ ətrafındakı hadisələrlə bağlı kimin haqlı, kimin haqsız olduğunu dərk etdi, Azərbaycanın yalnız öz ərazisinin bütövlüyünə, sərhədlərinin toxunulmazlığına yönəlmiş haqq işini müdafiə etməyə başladı.

Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi olaraq əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini dəqiqləşdirdi.

Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Buna görə Azərbaycanın xarici siyasəti sülhsevər mahiyyətlidir. Bu xarici siyasət ilk növbədə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir.

Mövzu ətrafında çıxış edənlər xalqımızın daim Ulu Öndərin ideyalarını davam etdirəcəyini, tutduğu kursu geniş məzmunda reallaşdıran Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək dəstək olacağını xüsusilə vurğulayıblar.

Sonda Tarix- coğrafiya fakültəsinin II kurs tələbəsi Çinarə Hümbətovanın söylədiyi “ Heydər Əliyev” adlı şeir iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !