Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi + FOTO

Mayın 3-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, bir sıra dövlət qurumlarının təmsilçiləri, müəllim və tələbələr iştirak edirdilər.

Açılış nitqi ilə çıxış edən GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə konfransa 150-dən çox tələbənin tezislə müraciət etdiyini, 5 bölmə üzrə panel iclasların keçiriləcəyini bildirdi. O, H.Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasında müstəsna yeri olduğunu, gənclərə göstərdiyi diqqəti, habelə ölkə gənclərinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiklərini qeyd etdi.

ADU-nun Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov ümummilli lider H.Əliyev haqqında danışaraq, onun Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərinin olduğunu, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdiyini vurğuladı. O, H.Əliyevin Azərbaycanın təhsili və mədəniyyətinin inkişafındakı xidmətlərindən də söz açaraq, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına sərf etdiyini dedi.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxışında H.Əliyev irsinin gənclər tərəfindən ətraflı şəkildə öyrənilməsinin vacibliyindən danışdı. Azərbaycanda bu mövzuda keçirilən tədbirlərin əhəmiyyətindən danışan N.Mehdiyev məhz “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda beynəlxalq konfransın keçirilməsini və tədbirdə iştirak edən gənclərin yazdıqları məqalələrin məşhur elmi jurnallarda dərc olunmasını təklif etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yönünü tənəzzüldən inkişafa doğru çevirən tarixi fenomen kimi hər zaman araşdırılmasına, gənclər arasında təbliğ edilməsinə və artıq dünyanın bir çox ölkəsində rast gəlinən bir təcrübə kimi tədris edilməsinə ehtiyac olduğunu qeyd etdi. Əlavə etdi ki, hər zaman Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması istiqamətində əvəzsiz fəaliyyət göstərən və böyük siyasi xətt qoyan ümummilli liderin siyasi fəaliyyəti gənc nəsilə daim çatdırılmalı və yaşadılmalıdır. Millətini, xalqını və müstəqilliyini qoruyub, sevən hər bir Azərbaycan gənci əbədiyaşar milli sərvətimiz olan Heydər Əliyevi daim yaşatmalıdır.

Rəsmi açılışın sonunda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclərimizin hərtərəfli inkişafına, o cümlədən yaxşı təhsil almalarına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz gəncliyin yüksək təhsil almasında və maariflənməsindədir.
V.Quliyev xatırlatdı ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatmışdır. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir.

Rəsmi açılışdan sonra konfransa təqdim olunmuş 3 ən yaxşı tezisin müəllifi olan tələbələr təqdimatlarla çıxış etdilər. Hər 3 müəllif qonaqlar tərəfindən təltif olundular.

Yekunda panel iclasların mövzuları, onların keçiriləcəyi zallar və moderatorlar elan edildi.