Məzahir Süleymanzadə : - "Kənd qızının poetik duyğuları"

Məzahir Süleymanzadə : "Kənd qızının poetik duyğuları"

Onu görməmişəm. Səsini də eşitməmişəm. Şeirlərini oxudum, məni tutdu. Sonra şeirlərinə yazılan rəyləri də tanış oldum. Gördüm ki, Məmməd Qədir, Əbülfət Novruz, Etibar Etibarlı, Cəfər Əzizoğlu da onun yaradıcılığına biganə deyillər, məsləhət verirlər, yol göstərirlər, yeni bir fikir, işıqlı bir misra görəndə sevinirlər.
Söhbət Turac Hilaldan gedir. Şeirlərindən məlum olur ki, kənd qızıdır, anasını erkən yaşlarında itirib, həyatın sərt üzü, ağır sınaqları ilə üzləşib. Əvvəllər yalnız öz həyatını qələmə alıb. Özü yazıb, özü də oxuyub, kövrək ürək çırpıntılarından heç kəsin xəbəri olmayıb. Sonra mövzu dairəsi genişlənib, onda müxtəlif hadisələrə özünəməxsus baxış, münasibət formalaşıb. Bütün bunlar misralarda da öz əksini tapıb. Şeirləri əvvəlcə kəndə yayılıb, sonra başqa yerlərdə də oxucuların diqqətini cəlb edib.
...Qəflətən Turac Hilalın şəklini gördüm, Allah, bu ki, mənim anamdır, dedim. Anam Umleyla Nəcəfqulu qızı Şamaxının ilk savadlı qadınlarından olub. İkinci Dünya Müharibəsinin qızğın çağında Bakıda təhsilini yarımçıq qoyub kəndə qayıdıb. Kolxoz sədri seçilib, böyük bir təsərrüfatı idarə etməyi ona tapşırıblar. Səhərdən axşamadək at belində, əlində tatarı, camaatı ovundurub, əkin-biçinlə məşğul olub, hörmət-izzət qazanıb. Mən onun şəklinə baxmıram, çünki mehriban çöhrəsi gözümün qarşısından heç zaman çəkilmir. Turac Hilalın şəklini görəndə diksindim, sanki anamı görürdüm. Şəklə baxdım, baxdım, sonra Turac xanıma məktub göndərdim:

 

Allah, elə bil ki, Anamı gördüm,
Şeirli, nəğməli, çörəkli gəlin...
Anam da sənintək şəfəq saçardı,
Qadınlıq rəmziydi obanın, elin...

 

İndi mən baxıram, ipək anamın,
Səninkinə bənzəyirdi birçəyi...
Başına örtdüyün o ləçək ki, var,
Elə bil anamın güllü ləçəyi...

 

O gözlər, o qaşlar, hamısı onun,
Onundur sənə çox yaraşan donun...
Bir də qucağında tutduğun çörək,
O da anamındır, söyləyim gərək...
Çörəkdən bir tikə kəsib yeyəcəm,
Sənə bundan belə "Anam" deyəcəm!

 

Turac xanım məktubumu səmimi qarşıladı, hətta bir az kövrəldi də...Aramızda otuz ilə yaxın yaş fərqi olsa da, həqiqətən mən onu özümə ana bilirəm. Çöhrəsi gözümün qarşısından çəkilmir. Özü də bilmədən həyatımı dəyişdirib, məni analı illərimə qaytarıb...Turac Hilal ana haqqında çox yazır, özü də yaxşı yazır, məni ovundurur:

 

Bir ana yoxuşla enir aşağı,
Çiynində ot yükü...çox ağır deyil...
Amma ürəyində bir dağ yükü var,
O yük bu başımın tacıdır, deyir...

 

Ot biçib qayıdır, dəryaz əlində,
İstidən quruyub dili, dodağı...
Dolaşır daşlara, şələ belində,
Köhnə çarığından çıxır ayağı...

 

Turac Hilal öz anasından danışır, eyni zamanda ümumiləşdirilmiş ana obrazı yaradır. O, özü də şeirin içindədir:

 

Tutub ətəyindən kiçik qızcığaz,
İlişir paltarı hərdən kollara...

 

Bax, bu kollara ilişən qızcıqaz Turac Hilalın özüdür. Qəflətən anasının ətəyi əlindən çıxır, yerə yıxılır. Anası odun şələsini atıb qızını qucaqlayır...
Turac Hilal daha sonra anasını belə təsvir edir:

 

Bu dağlar onunla sirdaş olubdu,
Bu düzdə ömrünün yazı saralıb...
Palıd kölgə salıb, qardaş olubdu,
Qara gözlərində nazı saralıb...

 

Turac Hilalın şeirlərindən məlum olur ki, o, dünyalar qədər sevdiyi anasını 2006-cı ilin sentyabrında itirib. Anasının son günləri, onun mehriban, qayğıkeş baxışları, qabarlı əlləri Turac Hilalın gözləri önündən çəkilmir:

 

Sən sığal çəkəndə gülüb qaçardım,
Deyərdim, əlinin tikanları var...

 

Bu misralar da maraqlıdır:

 

İndi sinən üstə güclə qoyursan,
Dağı dağ üstünə qoyan əlləri...

 

Turac Hilalın şeirlərində kənd lövhələri əsas yer tutur. O, kəndi, kənd adamlarını məharətlə tərənnüm edir. Bəlkə də ona görə ki, həyatını kənddə keçirib, bu yerlərin səfasını da görüb, cəfasını da çıkib. Dağlar, dərələr, çəmənlər, düzlər, çaylar, bulaqlar...Turac xanımın təsvirində canlıdır, təbiidir. Şairin güclü müşahidə qabiliyyəti ona maraqlı, əsrarəngiz mənzərələr yaratmağa imkan verib. Amma bu müşahidələrdə qəmli notlar da var:

 

Dərdimi götürüb dağlara çıxdım,
Dağlar qucaq açdı acılarıma...

 

Turac Hilal dərdli olduğunu elə dərdli dağların özünə söyləyir:

 

Ay məndən inciyən gileyli dağlar,
Axı, yer qalmayıb qoynunda sənin...
Hər daşın, ağacın, kolun dibindən,
Axır damla-damla göz yaşım mənim...

 

Mən Turac Hilalın son illər yazdığı bütün şeirləri oxumuşam. Onun mövzu dairəsi genişdir. Amma nədən yazır-yazsın, həyatın nəbzini tutmağa, oxucunu düşündürməyə çalışır və buna nail olur. Sevindirici haldır ki, Turac xanım uşaqları da unutmur, onlar üçün də əsərlər yazır. Bu maraqlı, bənzərsiz, istedadlı kənd qızının poetik duyğuları hamımızı sevindirir.

 

Məzahir SÜLEYMANZADƏ,
Ali Media mükafatı laureatı. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !