Yusif İMANLI : - Mən halı pərişan, mən halı xarab

Yusif İMANLI : Mən halı pərişan, mən halı xarab

Yardımlı rayonunda yaşayan və bu rayonda çox böyük hörmətlə qarşılanan pedaqoq, çox savadlı müəllim, istedadlı şair, bir neçə kitabın müəllifi Mərdan Dadaşlı mənə Yusif İmanlı adlı bir cavan yazarın şeirlərini göndərdi. Bakı İdarəetmə və Texnologiya Kollesinin IV kurs tələbəsi olan və ədəbiyyat aləminə yenicə gələn Yusif İmanlının şeirlərini oxudum. Bu şeirlərdə mənim xoşuma gələn onun yeni fikirlər tapması və mövzu rəngarəngliyi oldu. Özü ilə telefon bağlantısı etdim. Onun həyat haqında düşüncə tərzi də çox xoşuma gəldi. Ən çox xoşuma gələn isə onun iman əhli olması oldu. Bu gün cavanların ziyanlı vərdişlərdən izaq olması, həyatını müstəqil Azərbaycanın dövlətçiliyinə, dövlətinə, elminə, ədəbiyyatına, mədəniyyətinə sərf etməsi çox böyük təqdirəlayiq haldır.

Söhbətimizin sonunda o, belə dedi: “Biz insan kimi rəngarəngik. Amma hamımız Tanrıya SARI gedirik. Bunu da yalnız Tanrını dərk edənlər başa düşər”. Yusif, sən ki, belə cavan yaşında Tanrını dərk edirsənsə və belə maraqlı şeirlər yazırsansa, sənin gələcəyinə böyük ümidlə baxmaq olar. Sənə yenicə başladığın enişli-yoxuşlu ədəbiyyat yolunda uğurlar arzu edirəm.


Sənin şeirlərindən üçünü çoxminli oxucularımıza təqdim edirəm. Qiyməti onlar verəcək. Çünki oxucu fikri məhəng daşıdır.


Ağalar İDRİSOĞLU


Əməkdar İncəsənət Xadimi

 

 

 

Yusif İMANLI

 

Mən halı pərişan, mən halı xarab,
Yenə xəyalımdasan gecə yarısı.
Qədəhlər ağladı, göz yaşı şərab,
Səndən insaflıymış
şüşə parçası.

 

Açılan səhərlər yaşayan bir qız,
Gecədə həbs edib iş kəsdi mənə.
Gün üzli dünyamı məndən alan qız,
Dünyanın tərs üzün sevdirdi mənə.

 

Məst olur bu ruhum qaranlıqlardan,
Getdikcə gedirəm ənginliklərə.
Gecənin vurğunu olan bir insan,
De, çıxa bilərmi ağ səhərlərə?

 

Özünü görməkçün bax ürəyimə,
Səndən ürəyimə yazmışam qəzəl.
Hələ məəttələm, heyranam sənə,
Ruhu həbs etməyi bacaran gözəl.

 

Səni sənsiz sevmək ağılsızlığım,
"Sənsiz"sözündə də mən səni sevdim.
O qədər böyüyüb bu yalnızlığım,
Sevilmək gözlədim, gözləmək sevdim.

 

Bilirdin, öləcəm əgər sən getsən,
Bilirdin sənsizlik yıxacaq məni.
Bilirsən yuxuda rahat ölürsən,
Bununçün yuxuda tərk etdin məni?

 

***


Yenə də gecədir, təsəvvür sənsən,
Gəl mehman könlümə, otur yanımda.
Bir çay dəmlə, şəkəri şeir olsun,
Misralar kül olur, yanır sinəmdə.

 

Boşaldım ürəyi bu səfər sənə,
Vərəqlər çox məni qısqansa belə.
Süz o gözlərindən, süz zəhər mənə,
İçərəm zəhəri, can yansa belə.

 

Gəl otur yanımda, hey danışım mən,
Danışsan dodağın titrəyə bilər.
Qorxuram, gözünün içinə baxım,
Hislər iradəmi çün əyə bilər.

 

Bəhanə axtarım söhbət etməkçün,
Yalandan saçında lələk var deyim.
Telini oxşayım bu bəhanəylə,
Təəccüblü üzündə həyat var deyim.

 

Birdən gülümsəyib mənə baxırsan,
Sənə göstərirəm bax, dolu ayı.
Məndən bu qədər də çalış utanma,
Stolun üstünə tökərsən çayı.

 

Bir az da qırmızı oldu yanaqlar,
Bax budur tapdığım gözəllik səndə.
Qızlara yaraşan bütün məqamlar
Sakitlik, şirinlik, incəlik səndə.


***

 

Sən ey ölüm, haqla məni,
Deməsinlər, namərd dərdi
öldürübdü.
Sən gəl özün öldür məni,
Qoy desinlər ölüm adam öldürübdü.

 

Qoyma ki, sən həyat fikrin
çəksin başım.
İstəmirəm bu dünyada
ahıllanım, qocalaşım,
bu dünyanın min dərdiylə,
min səriylə qarşılaşım.
Tez gəl özün öldür məni.

 

Haqqın səsi, qışqır, bağır,
Sən özünü-haqqı çağır.
Qoy açılsın çox qulaqlar,
Haqq səsindən məhrum olan
bu yazıqlar.

 

Haqq yolunda qəbir qazan
ölülər var, dirilirlər.
Özlərini o qəbirdə gizlədirlər.
Haqq yolundan keçənlərə ilişirlər,
incidirlər.
Qoyma məni mən o yoldan
keçən zaman
o qəbirə itələyib öldürsünlər.
Arxamca da haqq yolunda
nahaq vurdu deməsinlər.
Sən gəl özün öldür məni.

 

O yollardan hər gün keçib
gedirəm mən.
Haqqa çatmaq uzun söhbət,
bilirəm mən.
Haqq uzaqda, əlim yetməz,
Yorğunluqdan ölərəm mən
Sən gəl özün öldür məni.

 

Alçaqların bəd sevgisi,
Bədbəxt edib xoşbəxtləri.
Bu sevgilər sındırıbdır
Çox arzunu, diləkləri.
Sərt küləklər söndürübdür
Şam tək yanan sevgiləri.
Sən gəl özün öldür məni.

 

Min-min üzlər,
Çox deyilən yalan sözlər,
yordu məni.
Yalan sevgi, yalan eşqlər
yordu məni.
Süni baxan dəniz gözlər,
o gözlərdə gizli qalan pis niyyətlər
bərabərdir
neçə-neçə yalan olan
məhəbbətlər.

 

Çıxmır üzə...
Çıxmır üzə daxıldəki
həqiqətlər.
Zahirdəki gözəlliklə
yalan satır bu bəşərlər.
Haqqı desəm,
onlar məni öldürərlər.

 

Sən ey ölüm, haqla məni,
Deməsinlər, namərd dərdi
öldürübdü.
Sən gəl özün öldür məni,
Qoy desinlər,
ölüm adam öldürübdü.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !