Azərbaycanlı alim ilk dəfə olaraq ekoloji kənd təsərrüfatı sahəsində beynəlxalq One World Award müsabiqəsinin laureatı seçilib -

Azərbaycanlı alim ilk dəfə olaraq ekoloji kənd təsərrüfatı sahəsində beynəlxalq One World Award müsabiqəsinin laureatı seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayev beynəlxalq One World Award (Vahid Dünya Mükafatı) müsabiqəsinin laureatı seçilib. Alim son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın RAPUNZEL şirkətinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin ilkin qiymətləndirmə mərhələsində dünya üzrə seçilmiş beş laureat arasında yer alıb.


Professor Amin Babayevin Azərbaycandakı fəaliyəti ilə tanış olmaq məqsədilə IFOAM təşkilatı və RAPUNZEL şirkətinin nümayəndələri ölkəmizdə səfərdədirlər. Aprelin 13-dək davam edəcək səfər çərçivəsində Bakı, Gəncə və Qaxda bir sıra görüşlər keçiriləcək, qonaqlar alimin elmi və pedoqoji fəaliyyəti ilə tanış olacaqlar.


2004-cü ildən etibarən iki ildən bir keçirilən müsabiqənin qalibləri dünya üzrə ekologiya, iqtisadiyyat və sosial sahələrdə ən mühüm nailiyyətlərin xüsusi meyarlar əsasında qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Cari müsabiqənin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada baş tutacaq.


Qeyd edək ki, professor Amin Babayev bundan əvvəl BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının M.V.Lomonosov adına ordeninə və Əməkdar Elm Xadimi adına layiq görülüb. Alim IFOAM, Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyası (EUCARPIA), Amerika Torpaqşünaslar Cəmiyyəti (SSSА) və Amerika Aqronomlar Cəmiyyəti (ASA) təşkilatlarının üzvüdür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !