MASALLI RAYONUNUN GÜLLÜTƏPƏ VƏ KALİNOVKA KƏNDLƏRİNDƏ APREL DÖYÜŞLƏRİ ŞƏHİDLƏRİNİN İLDÖNÜMÜ ANILIB - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

MASALLI RAYONUNUN GÜLLÜTƏPƏ VƏ KALİNOVKA KƏNDLƏRİNDƏ APREL DÖYÜŞLƏRİ ŞƏHİDLƏRİNİN İLDÖNÜMÜ ANILIB + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi respublikamızın bütün bölgələrində keçirilən anım mərasimləri ilə yad edilir.


Aprelin 5-də aprel döyüşləri şəhidi Firdovsi Bağırzadənin xatirəsi anılıb. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Masallı rayonunun Güllütəpə kəndində təşkil olunub.


Tədbirdə Masallı RİH başçısı cənab R. Hüseynov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon şöbəsinin əməkdaşları, idarə-müəssisə rəhbərləri, müəllimlər, məktəblilər, KİV nümayəndələri, ictimai təşkilatların rəhbərləri, və s.iştirak ediblər.


Güllütəpədə keçirilən Tədbirdə Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov mərasimdə çıxış edərək aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışıb. Bildirib ki, dörd günlük döyüşdə düşmən Ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç vaxt güzəştə getməyəcək. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu. Aprel döyüşləri Ermənistan ordusunun “yenilməzliyi”, “hərbi qüdrəti” haqqında düşmənin yaydığı mifə ciddi zərbə vurdu, erməni ictimaiyyətini kökündən sarsıtdı. Əlbəttə, bu tarixi döyüşlərdə Masallı gəncləri də şücaətlə vuruşub, düşmənin məhv edilməsində fəallıq göstərib, adlarını tarixə yazıblar.


Güllütəpənin ağsaqqal ziyalısı İlham Əsədov, şəhidin dayısı Ağamir İbrahimov və başqaları çıxış edərək şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.

Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışılıb. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.


Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəcilklər göstəriblər.


Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üstünə əklil və qərənfillər düzərək ehtiramla yad ediblər.


Sonra şəhidin evində ehsan süfrəsi açılıb.


Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhid Firdovsi Bağırzadənin anası ilə görüşüb, başsağlığı verib.


Xatırladaq ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.


Ötən ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin də xatirəsi onun doğulub boya-başa çatdığı Kalinovka kəndindən anılıb.
Tədbir iştirakçıları əvvəlcə kəndin mərkəzi küçəsində şəhid Nurlan Əsgərlinin xatirəsinə həsr olunmuş toplantıda iştirak ediblər. Tədbirdə Masallı RİH başçısı cənab R. Hüseynov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon şöbəsinin əməkdaşları, idarə-müəssisə rəhbərləri, müəllimlər, məktəblilər, KİV nümayəndələri, ictimai təşkilatların rəhbərləri və s.iştirak ediblər.


Kalinovkada keçirilən ədbirdə Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edən Masallı RİH başçısı cənab R. Hüseynov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.


R.Hüseynov bütün ölkədə olduğu kimi, Masallıda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Kalinovka kənd tam orta məktəbinin müəllimi Oqtay Həsənov, şəhidin sinif müəllimi Şəkər Əsgərova, şəhidin atası Bayram Əsgərov və başqaları tədbirdə çıxış edib Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən bəhs edib, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildiriblər. Qeyd ediblər ki, Nurlan torpağı, Vətəni sevən gənc olub. O, indi də ürəklərdə yaşayır. Onun şəhidliyi indı gənclərə Vətəni sevmək, torpağı qorumaq nümunəsidir. Gənclərimiz 21 yaşında Vətən torpağı uğrunda canını fəda edən Firdovsi kimi olmağa, onun kimi düşmənə zərbə endirməyə hazırdırlar.


Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üstünə əklil və qərənfillər düzərək ehtiramla yad edib.


Sonra şəhidin şərəfinə kənd məscidində ehsan süfrəsi açılıb.


Qeyd edək ki, Masallı RİH başçısı cənab R. Hüseynov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon şöbəsinin əməkdaşları, idarə-müəsissə rəhbərləri, müəllimlər, məktəblilər, KİV nümayəndələri, ictimai təşkilatların rəhbərləri və s. bu torpağın övladı, kəndin yetirməsi, 1993-cü il Qarabağ müharibəsinin şəhidi Yevgeniy Nikolayeviç Belimin məzarı da ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üstünə əklil və qərənfillər düzərək ehtiramla yad ediblər.

 


ƏLİHÜSEYN ŞÜKÜROV.
Masallı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !