Ölkəmizi tanıyaq tur-aksiyasının iştirakçıları Lənkərandan Masallıya gəliblər - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Lənkərandan Masallıya gəliblər + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları - Qubadlı, Laçın, Şabran və Siyəzən məktəbliləri və onların müəllimləri bu gün, martın 24-də günortadan sonra Lənkərandan Masallıya gəliblər. Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

 


Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.

 


Məktəblilər Masallı rayonunun tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.

 


Sonra məktəblilər ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə təzə tər çiçəkləri düzdülər.

 


Bildirilib ki, mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Madallıya səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotoguşələr yaradılıb.

 


Tur-aksiyanın iştirakçıları musiqi təranələri altında uşaq-incəsənət məktəbi ilə tanış olublar. Məktəb sentyabrın 3-də ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə açılıb. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı,150 yerlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon uşaq-incəsənət məktəbində hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır.

 


Məktəbliləri sentyabrın 3-də istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin əməkdaşları bildiriblər ki, Prezident cənab İlham Əliyev Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Muzeyin üçmərtəbəli yeni binasının inşası üçün Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb.Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.

 


Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

 


Sonra tur iştirakçıları "Asan xidmət"ə gəlmiş, buradakı "İntellektual mərkəz"lə və idman kompleksi ilə tanış olublar. Sonra Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq olub. Bildirilib ki, "Asan xidmət" və Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb.

 


Bildirildi ki, ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

 


KİV nümayəndələrinə müsahibələrində Siyəzən məktəblilərinin rəhbəri Çəfəq Əsgərova, Qubadlı məktəblilərinin rəhbəri Fəqani Məhərrəmov, Siyəzən məktəbliləri Mahir Bağırov, Aygül Əliyeva və başqaları Masallı, masallılar haqqinda xoş sözlər dedilər.

 


Tur-aksiyanın iştirakçıları təzədən Lənkərana yola salınıblar.

 


Qeyd edək ki, tədbirdə jurnalist Ə.Şükürov da iştirak edib.

 


Fotolar VƏKİLİNDİR.

 

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !