Akif Ağayev : - XALQ SƏNƏTİ ÇEŞMƏSİNDƏN...

Akif Ağayev : XALQ SƏNƏTİ ÇEŞMƏSİNDƏN...

AĞACLA DANIŞAN ADAM


Min illərin sınağına sinə gərmiş sənətlər, xalq yaradıcılığı nümunələri əcdadlarımızın bizə mirasıdır. Bu gün Masallıda müxtəlif sənət növləri ilə yanaşı ağacoyma sənəti də yaşadılır, inkişaf etdirilir. Haqqında bəhs etdiyim sənətkar bu varisliyi özünə mənəvi borc bilən yaradıcı gənclərdəndir. Masallı rayonunun Kəlbəhüseynli kənd sakini Ruslan Salmanov bu incəlikləri dərindən duyan, ağacdan bacarıqla istifadə edərək qiymətli əsərlər yaradan ağacoyma ustasıdır.
Ruslana ilk illərdə Masallı dövlət rəsm qalereyası nəzdindəki yaradıcılıq studiyasının direktoru Tofiq Fərəcov bələdçilik edib. Bakıda, Sumqayıtda, Gəncədə və s. şəhərlərdə keçirilən rəsm müsabiqələrinin iştirakçısı, mükafatçısı olub. Sonradan isə kiçik ölçülü suvenirlər düzəltməyə başlayıb. Uzun müddətə ərsəyə gəlsə də hər kəs onun işini bəyənib, dəyərləndirib, evdəkilərin sevinci Ruslanı daha da ruhlandırıb. Müştərisi tapılsa da ilk işlərini satmayıb.
10 ildən artıqdır ki, məşğul olduğu bu sənəti ustadsız, ağac üzərində sadə fiqurlar çəkib-oymaqla öyrənib. İki il özü hazırladığı isgənə alətindən istifadə edib. Sonradan isə bu alətin yeni modellərini Amerikadan, Türkiyədən sifarişlə gətizdirib.
Vaxtilə atası Salman kişinin (haqq dünyasına qovuşub) dediyi “Yaxşı sənətkar olmaq istəyirsənsə, çalış hazırladığın işə ürəyini ver, sevgini qat” sözlərini həyat və sənət idealına çevirib. Sonradan fəaliyyətini genişləndirdikcə, mükəmməlləşib. Təbiəti ən yaxşı sənətkar adlandıran 32 yaşlı usta deyir ki, ağacı - təbiəti Allah bəxş edib bizə. Odur ki, gərək bizə bəxş olunana əziyyət verməyəsən. Gərək hər ağacın nazıyla oynayasan. Heç bir sifarişdən boyun qaçırmamışam. Eskizlər əsasında portret yaradır, heykəllər yonuram, tablo üzərində mənzərələr işləyirəm. Dəzgahdan çıxartdığım ağac məmulatlarından nəfis oymalı suvenirlər, məişət əşyaları, milli atribut və s. hazırlayıram. Oyma işi bitdikdən sonra üzərinə zeytun, fıstıq yağı, akrelik boyalar və ya lak çəkilir. Qiymətlər isə işdən asılı olaraq dəyişir.
Ustanın sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan deyil. Ancaq ağac kimi mülayim, həssas, səxavətli,“sözəbaxan” digər material tapmaq çətindir. Ağaca baxarkən onun içində gizlənən sənəti görsən, üzərində illərin buraxdığı izlərdən belə, naxış kimi istifadə edə bilərsən. Əsas odur ki, bunu duyub tətbiq etməyi bacarasan.
Bu sənət istedad, təmkin, zəhmət, eyni zamanda güclü yaddaş və ideya tələb edir.
Diqqətli olmayan, təxəyyülünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz. Bütün bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Eyni zamanda xəttatlıq, nəqqaşlıq, xarratlıq və rəssamlıqdan məlumatlı olmalısan. Adi, quru ağac parçası üzərində müxtəlif eskiz, üsul tətbiq etməklə sənət əsəri yaratmaqdan ötrü bəzən günlərlə düşünmək, orijinal fikir və üslub axtarıb-tapmaq lazım olur.
R.Salmanovun estetik cəhətdən zərif əsərləri bədii oyma sənətinin müasir nümunələri kimi dəyərlidir. Bu sənətə könül verdiyi gündən ağacları çox yaxşı tanıyır, necə deyərlər, onlarla danışmağı bacarır. Təcrübəsi sayəsində hansının nəyə yararlı, effektli olduğunu müəyyənləşdirir. Vaxtı keçmiş, qurumuş ağaclara üstünlük verən usta ən çox qızılgöz (fıstıq), qoz, şabalıd, lapan (gəndəlaş), cökə ağacından istifadə edir. Deyir ki, digər ağaclar yumşaq olduğundan onların üzərində səlis oyma işləmək mümkün deyil. Çünki tez sınır, xarab olur.
Ruslanın evinin birinci mərtəbəsində - işıqlı, ağac ətri duyulan gözəl emalatxanasındayam. Sənətkarın iş şəraiti ilə tanış olur, ərsəyə gətirdiyi sənət əsərlərinə tamaşaçı gözü ilə baxıram. Hər cansız taxta parçası böyük bir sənət incisi kimi adamı valeh edir. Divarları bəzəyən taxçalar üzərindəki sənət inciləri göz oxşayır. Sadə alətlər – isgənə, rəndə və cilalama kağızı ilə yaradılan bu əsərlər çoxunun lazımsız kötük, odun parçası kimi baxdığı ağac parçalarından ərsəyə gəlir. Sənətkarın hazırladığı oymalar müasir mebel dəstlərində geniş istifadə edilir. Ağac var ustadan mülayimlik, ağac da var sərtlik tələb edir. Müsahibim deyir ki, bir oyma işi üçün 2-3, mənzərə-tablo üçün 15-20 gün, heykəl üçün bir ay vaxt lazım olur.
Ustanın əl işi hər kəsi bu sənətə cəlb edir, çağırır. Zəngin xəzinənin qapılarını yeni davamçıların üzünə açmağa, onlara bu sənəti öyrətməyə hazırdır. Bu sənətin onlarda irsi olduğunu deyən Ruslan 10 yaşlı oğlu Raminə də ağacoymanın sirlərini aşılayır.
İşlədiyi əsərlərdə müasirliklə yanaşı qədimliyi də sintez edən usta əl işlərini xarici bazarlara çıxarmağı düşünür. Bu günlərdə Masallı rayon “Asan həyat” kompleksindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzindən usta işgüzar təklif alıb. Əgər sənətkarın əl işlərinin nümayiş etdirilməsi üçün sərgi-satışlar təşkil edilərsə, bu, yeni-yeni nümunələr yaratmağa səy göstərən Ruslan üçün ən böyük mükafat olar.


Akif AĞAYEV,
MASALLI. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !