Lənkəranda Milli Teatr Günü qeyd olunub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Milli Teatr Günü qeyd olunub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Milli Teatr Günü qeyd olunub. Bu münasibətlə Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov Azərbaycanda Milli Teatrın yaranma tarixindən, kollektivin inkişaf yolundan, yaradıcılıq planları barədə ətraflı məlumat verib.


Bildirilib ki, bu gün ölkəmizdə teatrlara və sənət adamlarına böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə teatr binaları tikilir, əsaslı təmir edilir və ya yenidən qurulur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Artiq 126 yaşına qədəm qoyan Lənkəran teatrı dərin mündəricəli əsərlər tamaşaya qoymaqla teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Həmin əsərlər bu sənət ocağında istedadlı aktyor və rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb.


Ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb.


Yaradıcılıq planlarından söz açan T.Heydərov ötən həftə Qazaxıstanın Aktau şəhərində olduğunu diqqətə çatdırıb:” Biz Aktauya qarşıdakı qastrol səfərimizin bəzi detallarına aydınlıq gətirmək üçün getmişdik. Qastrol səfəri isə cari ilin aprel ayının sonlarında reallaşacaq. Hazırda Aktauya hansı tamaşa ilə gedəcəyimiz barədə Bədi Şura üzvləri ilə məsləhətləşmələr aparırıq”.


Teatrın direktoru həmçinin truppanın cari ilin iyul ayında İranın paytaxtında keçiriləcək Beynəlxalq “Adət və ənənə” festivalına dəvət oluduğunu bildirib:”Biz hazırda həmin tədbirə hansı tamaşa ilə qatılmağımız barədə düşünürük”.


İranın Ərdəbil şəhərindəki teatr truppasının rəhbəri Lətif Kərimi ilə də danışıqlarının səmərəli olduğunu bildirən T.Heydərov Lənkəran teatrının cari ilin iyun-iyul aylarında orada qastrol tamaşalarının oynanılmasına dair razılığa gəlindiyi də qeyd edib

 

Tədbirdən sonra teatrın səhnəsində Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşasının premyerası olub. Əsasən məktəb yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Maraqla izlənilən tamaşada tolları əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Niftulla Əsgərov, Qızılgül Quliyeva, Emin Fərzullayev, Sayad Əliyev, Təranə Fərəcova, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Babazadə, Məhəmməd Paşazadə və digərləri ifa ediblər.

 


Ağaddin BABAYEV,
Lənkəran.