Hadi RƏCƏBLİ : - Sosial ədalət İlham Əliyevin yeni islahatlar kursunun prioritetlərindəndir

Hadi RƏCƏBLİ : Sosial ədalət İlham Əliyevin yeni islahatlar kursunun prioritetlərindəndir

Fevralın 20-si Ümumdünya Sosial Ədalət Günü kimi qeyd olunur. Bu günü BMT-nin Baş Məclisi dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədilə 2007-ci ildə elan edib. Sosial ədalət - bu, sadəcə etik imperativ deyil, milli sabitliyin və əsaslı rifahın əsasıdır. Bərabər hüquqlar, həmrəylik və insan haqlarına hörmət millətlərin və xalqların tərəqqisi üçün vacibdir. Bu mənada bəşəriyyətin mövcudluq salnaməsi belə bir həqiqəti aydın şəkildə sübuta yetirir ki, hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri sosial ədalət prinsipinin qorunmasıdır.



Heydər Əliyevin yeni cəmiyyət modelində sosial ədalət prinsipi



Sosial ədalət olmayan yerdə inkişafdan, yüksəlişdən söhbət gedə bilməz. Məhz bundan irəli gələrək ulu öndər Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və zəngin nəzəri irsində sosial ədalət anlayışı daim həlledici yer tutub. Onun sözügedən problemə həssas münasibəti hələ Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən məşhur “Qoy ədalət zəfər çalsın” çağırışında qabarıq şəkildə əks olunurdu. Sosial ədalət prinsipi bütün dövrlərdə Heydər Əliyevin siyasi rəhbərliyinin başlıca leytmotivi olub, onun əsas qayəsini və məzmununu təşkil edib.
Heydər Əliyev sosial ədalətin pozulmasını cəmiyyətin və dövlətin üzləşdiyi ən böyük bəla sayırdı. “Dövlət o zaman zəifləyir ki, ədalət pozulur” sözləri də ulu öndərin ədalət haqqında baxışlarının geniş prizmaya malik olduğunu sübuta yetirir. Sosial ədalət prinsipinin qorunması cəmiyyətin harmoniyasının təmin edilməsi baxımından əhəmiyyətli olduğu qədər də, siyasi sistemin dayanıqlığının vacib şərtidir.
Təsadüfi deyil ki, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində ən mühüm addımlardan biri də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin 12 noyabrında qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin təsbit olunmasıdır. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan Konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan edir. Konstitusiyanın 16-cı maddəsində deyilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır”. Bununla da faktiki olaraq müəyyən edilir ki, inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.
Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin keçirilməsi haqqında Milli Məclisin 26 dekabr 2008-ci il tarixli qərarından sonra 2009-cu il mart ayının 18-də keçirilmiş referendumda Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə “sosialyönümlü” sözlərinin əlavə edilməsi, Azərbaycan dövlətinin sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirdiyi siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüş olduğunu təsdiq edir. Konstitusiyanın 15-ci maddəsinin II hissəsində deyilir: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.
Beləliklə, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Konstitusiyanın müddəalarına əsasən dövlətin insanın sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürməsidir.



İlham Əliyevin idarəçilik konsepsiyası sosial ədalət prinsipini önə çıxarır



Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik prinsipi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə etdiyi gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir.
Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü büruzə verir.
Müasir cəmiyyət üçün sosial ədalət anlayışının məzmununun daim genişlənməsi, daha şaxələnmiş strukturlanması səciyyəvidir. Müşahidə olunan meylin dövlətin sosial funksiyasının getdikcə artmasında özünü göstərdiyi diqqətdən qaçırılmamalıdır. Dövlətin daha çox sosial təsisata çevrilməsi müasir ictimai inkişafın başlıca meyillərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial ədalət bizim üçün xüsusi önəm daşıyır” fikri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir.



İqtisadi siyasətin mühüm cəhətlərindən biri sosialyönümlülük faktorudur



Fəxrlə qeyd etmək olar ki, dövlət başçısı tərəfindən digər sahələrdə olduğu kimi, sosial sferada da həyata keçirilən siyasətdə varislik, eyni zamanda novatorluq özünü aydın şəkildə nümayiş etdirməkdədir. Azərbaycan xalqının iradəsi əsasında İlham Əliyevin Prezident seçilməsindən sonra dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin mühüm cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi olub. Bu mənada Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil etməkdədir.
Göstərilənlər fonunda Prezident İlham Əliyevin imzaladığı ilk fərmanlar sırasında yer alan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə güclənməsinə xidmət etmişdir.
Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer almışdır. Buna misal olaraq hazırda uğurla icra olunan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” və digər vacib sənədləri göstərmək olar. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə və digər sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi də bunun real təsdiqidir.
Qürurla qeyd etmək olar ki, ötən 13 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Elə buna görə də neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə uğurla davam etdirilmişdir.
Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 13 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaratmışdır.



Sosial müdafiədə ünvanlılıq



İqtisadi tənəzzülə son qoyulması fonunda ölkəmizdə diqqət yetirilən mühüm məqamlardan biri sosial müdafiə sahəsində ünvanlılıq prinsipinin gözlənilməsi olmuşdur. Bunun nəticəsi olaraq ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar qəbul olunaraq icraya yönləndirilib, sosial müdafiəyə daha çox ehtiyacı olanlara dövlət tərəfindən yardımların göstərilməsi əsas məqsədlərdən birini təşkil etmişdir. Bu xüsusda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və digər qəbul edilmiş qanunların adını çəkmək olar.
Sosial müdafiənin və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair atılan növbəti addımlar, bu istiqamətdə həyata keçirilən siyasətin elmi-nəzəri dəyərlərə və dünyanın ən mütərəqqi təcrübəsinə əsaslanması vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Əməkhaqlarının, pensiya və digər sosial müavinətlərin vaxtaşırı artırılması, yoxsulluq probleminin həlli ilə bağlı görülən tədbirlər ölkənin sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə yol açmışdır. O zaman ulu öndər müvafiq islahatların həyata keçirilməsini də xüsusi diqqət mərkəzində saxlayır, sözügedən kontekstdə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə zəruri tədbirlər görürdü. 2002-ci il yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 15 noyabr 2001-ci il tarixli qanunla güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı, həmçinin kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu.
Bütün bunlar bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılardan səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına xidmət edən vacib məqamlara çevrildi və zaman bu islahatların nə dərəcədə doğru olduğunu sübuta yetirdi. Görülən digər tədbirlər, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılması üçün müvafiq proqramın təsdiqi ulu öndərin rəhbərliyi altında həyata keçirilən sosial siyasətin yüksək səmərəliliyi ilə yanaşı, xalqın rifah halının yüksəldilməsi istiqamətində real nəticələr əldə olunması ilə yekunlaşırdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında ümummilli liderin inkişaf strategiyasının uğurlu davamı məşğulluq və sosial sferada da özünü qabarıq büruzə verərək bu sahənin tərəqqisini daha dinamik hala gətirmişdir. Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsini davamlı olaraq yaxşılaşdırmışdır.



Xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşması təmin ediləcək



Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır. Digər tərəfdən, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, artıq 11 ildən çoxdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə və dəyişikliklər edilmiş, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilmişdir. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının yaşayış minimumuna çatdırılması istiqamətində də müvafiq addımlar atılır və ötən müddətdə ehtiyac meyarının həddi 30 manatdan 116 manata qaldırılmışdır ki, bu da təxminən 4 dəfə artım deməkdir. Prezident İlham Əliyevin fərmanı ilə vətəndaşlara ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı da yaradılıb.
Beləliklə, dünyada davam edən qlobal maliyyə böhranı şəraitində də ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsindən ibarətdir. Təsadüfi deyil ki, dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə həyata keçirilən uğurlu sosial siyasətdən bəhs edərək demişdir: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli fərman imzalaması da qaçqın və məcburi köçkünlərlə bağlı yürütdüyü siyasətin bariz ifadəsidir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı imzaladığı fərman həmin kateqoriyadan olan ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezidentin imzaladığı sərəncam bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara yüksək qayğısının və ölkədə həyata keçirilən sosial siyasətin təzahürü oldu. Məcburi köçkünlərə diqqətin daha bir real təsdiqi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına dəyişikliklərin edilməsidir. Bu, bir daha göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Prezidentin diqqət mərkəzindədir.



Vətəndaşların sağlamlığına xidmət edən ekoloji layihələr



Təbii ki, Azərbaycanda sosial ədalət prinsiplərinin qorunması təkcə aztəminatlı vətəndaşlara göstərilən yüksək qayğı ilə yekunlaşmır. Belə ki, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Son illərdə bu sahədə uğurla həyata keçirilmiş tədbirlərdən biri neftlə çirklənmiş ərazilərin təmizlənməsidir. Bu işlər davamlı və geniş xarakter daşımalıdır. Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir.
Digər prioritet istiqamət Azərbaycan Prezidentinin təşəbbüsü ilə son illərdə geniş vüsət almış yaşıllaşdırma tədbirləridir. Ümumiyyətlə, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr buna ən gözəl nümunədir.
Vacib məsələlərdən biri də əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərdir. Ölkə başçısının sərəncamları ilə indiyədək xüsusən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatı istiqamətində xeyli iş görülüb. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Ölkəmizdə ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər insanların sağlamlığının möhkəmlənməsinə xidmət edir. Respublikamızda ekoloji məsələlərə göstərilən xüsusi diqqət və sosial-iqtisadi həyatımızda son illər əldə olunmuş yüksək nailiyyətlər ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində müsbət təsirini daha səmərəli göstərəcək. Bunun üçün isə Azərbaycan dövlətinin güclü iradəsi var.
Göründüyü kimi, Azərbaycanın müstəqil olduğu 26 il ərzində qazandığı nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə edilən nəticələrdən daha üstündür. Bu isə “Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!” deyən ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla reallığa çevrilməsinin təsdiqidir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcək.



Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor


Azərbaycan qəzeti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !