Bəxtiyar SADIQOV : - Torpağı Vətənə çevirən şəhidlər

Bəxtiyar SADIQOV : Torpağı Vətənə çevirən şəhidlər

Nə ağırdır əsir ömrü yaşamaq!
Daim yadlar əhatəsində olursan!
Bir doğma üz görüb, doğma söz eşitmirsən!
Üzünə gülən, xoş söz deyən, qayğına qalan olmur!

Əksinə, hər dəqiqə aşağılanır, təhqir edilir, işgəncəyə məruz qalırsan!
Doğmalardan nigaran, dostlardan, qohumlardan uzaq, daim məşəqqət içində!
Hələ aclığı, susuzluğu, insani münasibətin yoxluğunu, havanın isti-soyuqluğunu demirik!
Bütün bu zülmə ona görə dözməlisən ki, Azərbaycanlısan!
Bütün bu zülmə ona görə dözməlisən ki, sənin torpağının əlindən alınaraq başqasına verilməsinə razı deyilsən!
Bütün bu zülmə ona görə dözməlisən ki, arxalı düşmən güclü, sən isə zəif və arxasızsan!

Amma haqlısan!
Hamı, bütün dünya bilir ki, ədalət sənin tərəfindədir!
Bilənlərin də hamısı riyakarlıq edir! Özünü elə göstərir ki, guya sənə kömək edir! Amma elə köməyin bir adı olur: gizli düşmənçilik!
Əsirlik nə vaxt bitəcək?
Dünya nə zaman ağıllanacaq?
Haqq-ədalət haçan yerini tutacaq?
Bunu nə yerdəkilər bilir, nə də göydəki!

Bəs əgər əsir düşən torpağın özüdürsə, onda necə olsun?!
Danışmağa dili, qaçmağa ayağı, vuruşmağa əli olmayan torpaq?
O torpaq ki, adı Vətəndir!
O torpaq ki, onu şəhidlər qanları ilə yoğuraraq Vətənə çeviriblər!

***
Düşmən nə pisliyi bacarırsa, edir!
Evləri dağıdır, ağacları qurudur, meşələri qırır, sərvətləri çapıb-talayır, kənd və şəhərləri xarabalığa çevirir!
Axı onun özü bayquş xislətlidir, xarabalığı sevir, viran qalmış yerdə yaşamaqdan zövq alır!
Dalbadal yalançı hərbi təlimlər keçirərək torpağın sinəsini tankın tırtılları və mərmilərlə param-parça edir!
Amma bütün bunlar gözdən pərdə asmaq üçündür!
Bizdən it kimi qorxur! Aprel müharibəsində bircə həmlə ilə tərifli səngərlərini, “möhkəm” istehkamlarını darmadağın etdik! Tülkü kimi qabağımızdan qaçırdılar, müharibəni dayandırmaq üçün ağalarının və müdafiəçilərinin ayaqlarına düşüb yalvarırdılar!
Təkcə təmas xəttindəkilər yox, qondarma qurumun ərazisində yaşayanlar da şey-şüylərini yığıb aradan çıxırdılar!
Arxalarına baxmadan!
Çünki yaxşı bilirlər ki, torpağın yiyəsi nə vaxtsa öz qisasını alacaq, hesabını soracaq!
Nə qədər ürək-dirək, yeni silah versələr də, xeyri yoxdur!
Ürəklərinə xof, canlarına vahimə salmışıq!
Artıq gücümüzü də, silahımızı da gördülər!

Həm də anladılar ki, havadarları haçansa arxalarından qaça bilər, ya da güvəndiyi gələnəcən iş işdən keçər!
***
Can Vətən!
Yəqin sən də bizimçün darıxmısan!
Həm də bizdən də çox!
Birlikdə olanda necə də xoşbəxt idik!
Hər yan gül-çiçək, laləzar idi!
İnsanlar necə də şad-xürrəm, firavan yaşayırdılar!
Demək-gülmək, çalıb-oynamaq, toy-bayram keçirmək...
Həmişə sənə baş əyirdik, alın tərimizlə hüsnünü bəzəyirdik.
Həm də sənə əyildikcə ucalırdıq...
Amma indi...
Yağı tez-tez sinənə od vurur, tüstün ərşə bülənd olur!
Vəhşi heyvanlar: ilanlar, siçovullar, çaqqallar və canavarlar belə murdar sifətliləri görməmək üçün səni tərk edərək bizə tərəf qaçırlar!
Bunu özünə dərd eləmə, axı səndə nə təqsir!
Özü murdar, əməli yaltaq, mayası haram, sözü yalan olanların yanında kim qalar?!
Döz, can Vətən, döz!
Yaman günün ömrü az olar desələr də! Əslində, bu ayrılıq yaman çox çəkdi!
Lap çox!
***
Sənin əsirliyin həm də bir sınaq oldu!
Tək həqiqi dostu və düşməni yox, özümüzü də yaxşı tanıdıq!
Sənin necə igid, qeyrətli, qorxubilməz balaların varmış, ey Vətən!
Onlarla həmişə fəxr edə bilərsən!

Bilirik, hamısına qoynunda rahat yer vermisən!
Amma əsirlikdə qalan parçanda da uyumaq həsrətində olanlar çoxdur! Hətta gor evinə köçənlərin bir qismi yerini dəyişmək üçün azad ediləcəyin günü gözləyir! Həm də onu özləri üçün son istəyin icrası, son xoşbəxtlik sayırlar!
Bu gün sənin uğrunda ölmək hamı üçün şərəf hesab olunur!

Hər şəhid övladınla dövlət də, ölkənin hər bir vətəndaşı da qürur duyur!
Hələ görəydin aprel döyüşlərinin şəhidlərini necə hörmət və ehtiramla dəfn etdilər, izdihama toplaşanlar onların qəhrəmanlığına necə yüksək qiymət verdilər!
Hamı yaxşı bilir ki, şəhid ailəsi, şəhid övladı olmaq elə də asan sınaq deyil! Amma dövlət, mərhəmətli insanlar daim onların yanında olur, ehtiyaclarını qarşılayırlar.
Şəhidlərin oğul balaları isə özlərinə hərbçi sənətini seçərək sənin əsirlikdən azad ediləcəyin günün iştirakçısına çevrilməyə çalışırlar!
Doğrudur, adlarını ATƏT-in Minsk qrupunun həmsədri qoyanlar, “beynəlxalq hüququ”, “insan haqlarını” əllərində bayraq edən dövlətlər və qurumlar ikiüzlü siyasətdən və ikili standartlardan əl çəkmirlər. Nə işğalçını öz adı ilə çağırır, nə ona “özgə torpağından çıx” deyir, nə də ona göstərilən yardımı dayandırırlar!
Hətta adını “müsəlman” qoyanlar belə onlara “nəfəs” verir, blokadalarını yüngülləşdirməyə çalışırlar.
Amma xeyri yoxdur!
Erməni xalqı ayılmağa və ağıllanmağa başlayıb. Nümayəndələri Bakıya gəlir, Xocalı soyqırımı abidəsini ziyarət edir, törədilən əməllərə görə üzr istəyirlər! Həm də həqiqəti özlərinkilərə ucadan deyirlər: “İşğal olunmuş ərazilərdən çıxmayana kimi dilənçi kökündə yaşayıb, xoş, rahat gün görməyəcəksiniz!”
“Forpost dövlətin marionet başçılarından qurtarmaq, insan kimi yaşamaq vaxtıdır!” - söyləyirlər!
Artıq bu həqiqəti ucadan dilə gətirənlərin sayı günbəgün artır!
Nə deyirik:
Onsuz da biz torpağımızı azad edəcəyik!
Bu, sülh yolu ilə baş versə, daha yaxşıdır!

***
Əsir torpaq, sənə o qədər vəd verib əməl etməmişik ki, bəlkə bizə olan ümidlərini itirmisən?
Amma bir həqiqəti bil: nə mümkündürsə, etmişik və edirik!
Diplomatiya sahəsində mühüm uğurlara imza atmışıq!
İqtisadi və siyasi cəhətdən güclü dövlət yaratmışıq!
Ən yeni texnologiyalar əsasında hazırlanmış silahlarla təchiz edilmiş müasir ordu qurmuşuq!
Vətənpərvər və cəsur hərbçilər yetişdirmişik!
Aprel savaşında özündənrazı düşmənə sarsıdıcı zərbə vuraraq xeyli ərazini işğaldan azad etmişik!
Şübhəsiz, səni də azad edəcəyik!
Şübhəsiz, tezliklə sənə də qovuşacağıq!
Onu da bil ki, biz sənsiz, sən isə bizsiz qalmayacağıq!

Kim nə oyun oynasa da!
Kifayət qədər gücümüz də var!
Kifayət qədər ən güclü silahlarımız da var!
İlham Əliyev kimi Ali Baş Komandanımız da var!
Hər bir övladın isə hər an uğrunda şəhid getməyə hazırdır!
Onlardır sənin kimi adi torpağı Vətənə çevirən!
Darıxma! İkinci Apreldə görüşənədək!



Bəxtiyar SADIQOV
Azərbaycan qəzeti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !