Şakir YAQUBOV : - XOCALI MÜSİBƏTİ və... AZAD ŞƏRİFOV HƏQİQƏTİ

Şakir YAQUBOV : XOCALI MÜSİBƏTİ və... AZAD ŞƏRİFOV HƏQİQƏTİ

Bir-iki il olar ki, bu mövzuda hay-küy səngiyib, hamıya aydın olan bir məsələdə daha kimsə kimisə günahlandırmır. Amma ara-sıra qalxan mübahisə-müzakirələrdə də əsil həqiqətin harada, nədə olduğu bilinmir.
Mən Xocalı faciəsi barədə Azərbaycanın rəsmi dövlət mətbuatında ilk dəfə, kimin nə və necə yazmasını nəzərdə tuturam...


***

92-ci il fevralın 26-sıydı, gündüz hansı qayğılarla yaşamağımız əsla yadımda deyil, amma axşamı yenə mətbəədəydim və o vaxt rəsmi dövlət qəzeti sayılan “Həyat”ın növbəti nömrəsini “bağlayırdıq”, köhnə qəzetçilərin diliylə desəm, yəni “vyorstka” edirdik. Təxminən saat 8 radələrində uşaqlar (indi konkret olaraq kimi nəzərdə tutmağım önəmli deyil) Azərinformun (indiki AzərTAc-ın) nömrəyə qoyulmaq üçün göndərdiyi materialların növbəti topasını “Azərbaycan” nəşriyyatının inzibati korpusunun beşinci mərtəbəsində yerləşən teletayp otağından gətirdilər. Buraxılış tarixi saat 19.29 olan bir yazı diqqətimi cəlb elədi: “Xocalı od içində”. Material belə başlanırdı:
“Respublika Müdafiə Nazirliyinin mətbuat mərkəzindən Azərinformun müxbirinə xəbər vermişlər ki, fevralın 26-na keçən gecə ərzində erməni silahlı birləşmələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı polkun zirehli texnikasının köməyi ilə Xocalı şəhərinə basqın etmişlər. (Burada və sonralar seçdirmə mənimdir – Ş.Y.). Azərbaycan Xalq Cəbhəsinin informasiya mərkəzindən alınmış məlumata görə, hücumdan əvvəl – hələ fevralın 25-də axşam şəhər toplardan, zirehli transportyorlardan və zirehli maşınlardan şiddətli atəşə tutulmuşdur. Nəticədə şəhərin bir neçə yerində yanğınlar başlanmışdır. Fevralın 26-da səhər saat 5 radələrində şəhər əslində tamamilə alova bürünmüşdür. İlkin məlumata görə, səhər saat 8-ə yaxın Xocalı erməni quldur birləşmələri tərəfindən tutulmuşdur”.
Mətnin bu yerində materialın əvvəlinci hissəsi tamamlanır və “ulduz” işarəsindən sonra yekun hissəsi gəlirdi, bu hissədə isə məlumat mənbəyi istisnasız olaraq, Azərinformun özüydü:
“Xocalı ilə əlaqə hələ gecə ikən kəsilmişdi, ona görə də orada cərəyan etmiş hadisələrin tam təfərrüatını və baş vermiş faciənin miqyasını çatdırmaq hələlik çətindir. Azərinformun Ağdam şəhərindəki xüsusi müxbiri E.Rüstəmov (dəqiqləşdirdiyimə görə, əslində kənd müəllimi olan Elxan Rüstəmov nəzərdə tutulur – Ş.Y.) yanan şəhərdən çətinliklə çıxaraq Ağdama gəlib çatmış bəzi sakinlərlə söhbət edə bilmişdir. Onların dediyinə görə, yerli əhali arasında ölənlər və yaralananlar, o cümlədən qadınlar, qocalar və uşaqlar vardır. Sakinlər var-yoxlarını ataraq şəhərdən tələsik qaçmışlar”.
Yığılmaq üçün linotipçiyə göndərmək məqsədilə – qaydaya görə – redaktor kimi materialı oxudum, mətndə hərflərin böyük-kiçikliyini işarə elədim. Material yığıldı və birinci səhifəyə qoyuldu.
Mətbəədə “Həyat” qəzeti ilə qonşuluqda “Səhər” qəzeti “vyorstka” olunurdu: bu qəzet və baş redaktor Məzahir Süleymanzadə başda olmaqla redaksiyanın bütün kollektivi mənə doğma idi – əksəriyyətimiz “Kommunist”in şinelindən çıxmışdıq. İndiki halda bu fakt yalnız hansısa fövqəlvacib bir xəbəri hansı formada verməyimizə təsir edə bilərdi ki, bu məsələdə də, müstəqil qəzet olaraq, “Səhər” daha sərbəst idi.
Məzahir yaxınlaşdı, salam-əleykdən sonra birbaşa “Xocalıdan nə xəbər var” – deyə soruşdu. Uzatmadım, eləcə Azərinformun teletayp lentini ona uzatdım. Gözucu nəzər salıb: “Əşi, bunlar çox şeyi yazmayıblar” – dedi. “Hansı çox şeyi? – təəccübləndim. – Sənə nəsə məlumdu?”. “Hə, – dedi, – bizim müxbir hadisə yerindən məlumat diqtə eləyib. Düzdür, bir az sərbəst yozumdu, amma hər halda yaranmış vəziyyət barədə müəyyən təsəvvür yaradır...”. Sonra da: “İcazə versən, bir-iki kəlmə də sizin informasiyadan götürüb materialımızı zənginləşdirərik” – dedi.
Buradaca uzun illərdən bəri – hər halda sovet dövrü və müstəqilliyin ilk illəri üçün -- mövcud olan yazılmamış bir qaydadan söz açmaq çox vacibdir. Həmin qaydaya görə, rəsmi informasiya mənbələri, o cümlədən rəsmi dövlət qəzeti dövlət əhəmiyyətli hadisələrlə bağlı informasiyanı, adətən, rəsmi kanallar vasitəsilə alır və icbari qaydada, olduğu kimi yayırdılar. Demək olar, bütün hallarda belə informasiyanın səhihliyini şübhə altına almağa, yaxud yanlış görünən faktlara düzəliş eləməyə, sadəcə, səlahiyyətimiz çatmır, üstəlik, başqa qəzetlərdən fərqli olaraq, gündəlik qəzetin hazırlanması prosesi axşamdan xeyli keçmiş, bir növ konveyer üsulu ilə getdiyinə görə – bu gün istisnasız olaraq bütün gündəlik qəzetlər bu qrafiklə işləyir – əlavə hansısa mötəbər mənbə ilə əlaqə saxlamaq və ona isnad etmək mümkün olmurdu. Oxucular isə təbii ki, bu prosesdən xəbərsiz olduqlarına görə, ayrı-ayrı rəsmi xəbərlərdə təsadüf edilən qeyri-dəqiq faktlar üçün redaksiyanı təqsirləndirirdilər. Xocalı ilə bağlı informasiyada da məhz belə olmuşdu.
...Məzahir öz qəzetinin “vyorstka”sı ilə əlaqədar son tapşırıqlarını verib getdi və... təxminən 5-10 dəqiqə sonra, daha dəqiqi, saat 21.06-da Azərinformdan “Qəzetlərin 27 fevral nömrələrinə” qrifli yeni material aldıq. Bu materialın faktologiyası “Xocalı od içində” yazısından ciddi şəkildə fərqlənirdi, üstəlik də onu hansısa bir qurum deyil, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti hazırlamışdı və belə hallar üçün qəbul edilmiş qaydaya görə, daha rəsmi xarakter daşıdığından onu dərc eləməli idik; ona görə “Xocalı od içində” yazısını nömrədən çıxardıq.
“Xocalıda vəziyyət haqqında” adlanan və əvvəlki yazı kimi, iki hissədən ibarət olan bu materialın birinci hissəsi – ovaxt üçün də, bu gün üçün də vacib olan hissə – aşağıdakı mətndən ibarət idi:
“Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişlər. Atəş və hücumlar bu gün bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağıdılmış, evlər yandırılmışdır. Yaralananlar vardır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur.
Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir.
Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür”.
Mətnin bu yerində “ulduz” işarəsindən sonra yekun hissəsi – həmin vaxt üçün heç bir əhəmiyyəti olmayan, tarixi baxımdan isə çox gərəkli ikinci hissə gəlirdi. Bu hissədə isə deyilirdi:
“Bir-birinə qarşı duran tərəflər Qarabağda, hərbi əməliyyatlar zonasında atəşi dayandırmaq haqqında razılığa gəlmişlər. Moratorium fevralın 27-də səhər saat 9-dan qüvvəyə minir və martın 1-də səhər saat 9-dək davam edəcəkdir. Bu moratorium Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsində vasitəçilik vəzifəsini həyata keçirən İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin bölgəyə gəlməsi ilə əlaqədar elan edilmişdir”.
Məzahirə zəng vurdum, yaranmış vəziyyət barədə dostluq-yoldaşlıq və peşə həmrəyliyi naminə ona məlumat verdim. O, diqqətlə məni dinləyib, yəqin ki, öz müxbirinə daha çox inandığı üçün: “Biz heç nəyi dəyişməyəcəyik, qoy necə var, elə də getsin” – dedi. Təkrar edirəm, “Səhər” müstəqil qəzet idi və belə qərar verməkdə də tam azad idi, biz isə dövlətin xırdadan xırda məmuruyduq, həm də baş vermiş faciənin – azərbaycanlılara qarşı soyqırımın miqyasları barədə məlumatsızdıq, ona görə də ikinci materiala görə dirəniş göstərməyimiz tam yersiz olardı...
***
Sonrası məlumdur: məhz Xocalı müsibəti sayəsində respublikada hakimiyyət dəyişikliyi baş verdi və növbəti faciələrin – ərazilərimizin 20 faizdən çoxunun ermənilər tərəfindən işğalının əsası qoyuldu. Biz, yəni pespublika ictimaiyyəti uzun müddət – ən azı, mayın 14-15-dək Xocalı hadisələrini araşdırmaqla, günahkar axtarışı ilə məşğul oldu və bu araşdırmalarda... öncül yerlərdən birini də o vaxt Azərinformun baş direktoru olan “Azad Şərifovun ictimaiyyətə yanlış informasiya verməsi” versiyası tutdu. Ali Sovetin sessiyasında və Milli Şuranın iclaslarında məhz bu məqam müzakirə mövzusuna çevriləndə mən bu “yanlış informasiya” məsələsində Azad Şərifovun müdafiəsinə deyil, ALİ HƏQİQƏT naminə “Həyat” qəzetinin 1992-ci il 1 aprel tarixli nömrəsində “Kim haqlıdır?” ümumi başlığı altında bir podborka (yığın) material dərc etdirdim – izahlayıcı ön sözlə bərabər, “Xocalı od içində” və “Xocalıda vəziyyət haqqında” adlı rəsmi məlumatları da.
Elə həmin gün yoldaşyana giley-güzarı baş redaktor Ə.Əfqandan eşitdim: “Necə ola bilər ki, bu qarışıq günlərdə sən öz başını da, qəzetin başını da bu cəncəl məsələyə qatırsan?”. Demə, müstəqil ölkənin müdafiə naziri və Şuşa şəhərinin hərbi komendantı cənab Rəhim Qazıyev redaksiyaya zəng vurub baş redaktora dişinin dibindən çıxanı söyləyibmiş...
Bu insidentdən cəmi iki gün sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədov “A. A. Şərifovun Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyinin baş direktoru vəzifəsindən azad edilməsi haqqında” 635 nömrəli fərman imzaladı. Fərmanda deyilirdi: “Azad Ağakərim oğlu Şərifov başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyinin (Azərinformun) baş direktoru vəzifəsindən azad edilsin”.
Necə deyərlər, “günahkar” tapılmış və Stalinin məşhur “İnsan yoxdursa, problem də yoxdur” prinsipiylə məsələni “həll eləmişdilər”...
***
Azad müəllimin “başqa iş”i o dövrün abırlı və savadlı neftçisi Kərim Kərimovun rəhbərlik etdiyi Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində... neftçıxarma üzrə operatorluq – neft mədənində qara fəhləlik olmuşdu. 37-ci ilin repressiyalarına məruz qalmış bir nəslin davamçısı üçün bu da bir qazanc idi. Həm də çox utancverici fakt bu idi ki, ömrünün 63-cü ilində fəhləliyə başlamaq məcburiyyətində qalan bu insan jurnalistikada Azərbaycanın XX əsrdə yetirdiyi nadir simalardan biriydi. Məhz o vaxt Azad müəllim “Səhər” qəzeti redaksiyasına gəlmiş, 92-ci ilin avqustundan sonra ona Azərinformda siyasi icmalçı işləməyə də imkan verilməməsindən gileylənmiş, mənim hələ 92-ci il aprelin 1-də “Həyat”da dərc elətdirdiyim podborkadan isə xəbərdar olmadığını və buna görə mənə -- oğlu yerində olan həmkarına təmənnasız tərəfdarlığa görə təşəkkürünü bildirmişdi...
7 aprel 1930-cu ildə Bakıda teatr xadimi, Şərqdə ilk teart muzeyinin yaradıcısı Ağakərim Şərifovun ailəsində dünyaya gələn Azad Şərifov Bakıdakı 6 nömrəli orta məktəbdə təhsilə başlamış, sonra musiqi məktəbinə dəyişilmiş, 1949-cu ildə bu təhsil ocağını bitirmişdi. 1949-1950-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdı. 19 yaşında ikən “Molodyoj Azerbaydjana” qəzetində alpinistliyə aid dərc etdirdiyi oçerkləri ilə digər nəşrlərin də diqqətini cəlb edən A.Şərifov az sonra “Azərbaycan bədən tərbiyəçisi” – “Fizkulturnik Azerbaydjana” qəzetində işə dəvət olunmuşdu. 1951-1954-cü illərdə bu qəzetdə ədəbi işçi, 1954-1955-ci illərdə Moskvada çıxan “Pionerskaya pravda” qəzetinin Zaqafqaziya üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdı. Sonralar Bakı Dövlət Universitetinin filologiya fakültəsində ikinci ali təhsil almış, eyni zamanda, 1960-cı ilədək “Molodyoj Azerbaydjana” qəzetində şöbə müdiri, redaktor müavini və ilk azərbaycanlı redaktor olmuşdu. 1962-1965-ci illərdə Moskvada komsomolun Mərkəzi Komitəsinin təbliğat şöbəsində təlimatçı, məsul təşkilatçı, 1965-1966-cı illərdə isə "Vokruq sveta" jurnalında -- 1861-ci ildə Sankt-Peterburqda təsis edilən bu jurnalda baş redaktor müavini vəzifəsində çalışmışdı. A.Şərifovun “Vokruq sveta”da dərc edilən Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri sayılır. Məhz bu materiallar «İzvestiya» qəzeti rəhbərliyinin diqqətini cəlb etmiş, onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət etmişdilər. Bu vəzifədə o, 1969-cu ilədək – Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin müdiri təyin olunana qədər işləmişdi.
1979-88-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin sədri, 1988-1992-ci illərdə dövlət informasiya agentilyinin – Azərinformun əvvəlcə baş direktoru, sonra isə siyasi icmalçısı vəzifələrində çalışmışdı. 1994-cü ildə o, qələm və əqidə dostu Cəmil Əlibəyovla “Elm və həyat” nəşriyyatını təsis etmiş, bir müddət ANS TV-də şef redaktor vəzifəsində işləmişdi. Daha sonra ömrünün sonunadək – 2009-cu il dekabrın 24-dək mediamızın ağsaqqallarından biri kimi, öz dərin təcrübəsini gənc jurnalistlərə öyrətmiş, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəməmiş, eyni zamanda, uzun və mənalı ömrü boyu rastlaşdığı bu və ya digər məşhur adamlar (ən əvvəl də azərbaycanlılar) barədə ardıcıl olaraq dövri mətbuatda xatirə-oçerklər dərc etdirmişdi.
Yazmaq onun sevimli və əzəli peşəsiydi. Ədəbi fəaliyyətə tələbəlik illərində başlamışdı. “Yeni həyatın pionerləri” adlı hekayə və oçerklərdən ibarət ilk kitabı 1958-ci ildə nəşr edilmişdi. Sonralar “Mahnı qəlblərə yol açdı”, “Nuxa”, “Mavi gəminin kapitanı”, “Uzaq meridianlarda görüş”, “Elan olunmamış müharibə –Azərbaycan əhalisinə qarşı erməni soyqırımı”, “Bosfor üzərində qağayılar”, “İnformasiya blokadasının yarılması” və s. kitabları çapdan çıxmış, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. ASALA terror təşkilatı mərhum İsmət Qayıbovla birgə onun yazdığı “Erməni terrorizmi” kitabına görə müəlliflərə qiyabi olaraq ölüm cəzası kəsmişdi.
Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Azad Şərifov ədəbi-ictimai xidmətlərinə görə SSRİ-nin Qırmızı Əmək Bayrağı və iki “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdu. O, həmçinin, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i fəxri adını almışdı. Vəfatından düz beş il qabaq – 23 dekabr 2004-cü ildə Prezident İlham Əliyev 560 nömrəli sərəncamı ilə bu böyük azərbaycanlının halal haqqını özünə qaytarmış və onu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görmüşdü...
Allah sənə rəhmət eləsin, USTAD!
P.S. “Kommunist”də redaktor (baş redaktor) işlədiyi 80-ci illərin sonunda Cəmil Əlibəyov danışardı...
...Onda mən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru idim, Azad isə birbaşa rəisim – Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiriydi. Həftədə bir dəfə bizi MK bürosunun iclasına çağırardılar. Heydər Əliyevin respublikaya rəhbərlik elədiyi birinci dövr idi. Hər büro iclası bir sanballı məsələnin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi ilə əlamətdar olurdu. Hər dəfə də məsələnin müzakirəsi bitib qərar layihəsi səsə qoyulan məqamda Azad söz istəyər və müzakirə olunan məsələnin daşı üstündə daş qoymazdı. Ondan sonra Heydər Əliyev həmin məsələni büroya hazırlayanlara kəskin iradını bildirər və Azadın da çıxışına başını bulamaqla münasibətini bildirərdi, yəni “ay kişi, qoy işimizi görək də; bu məsələnin sənə nə aidiyyəti var?”. Mən respublika səviyyəli bir təşkilatın rəhbəriydim, ona görə büro iclaslarının nisbətən ümumi məsələlərə həsr edilmiş hissələrində orada olur və hər dəfə də iclas salonunu tərk edərkən fikirləşirdim ki, sabahdan etibarən bir daha dostum Azadın üzünü görməyəcək, bunun üçün Bayıla ayaq döyməli olacağam... Amma səhəri kabinetimdə iş stolumun arxasına keçməmiş telefonda Azadın səsini eşidərdim: “Mən ölüm, düzünü de, dünənki çıxışım xoşuna gəldimi?”.
Bu, Heydər Əliyevin böyüklüyünü, sağlam tənqidi fikrə dözümlülüyünü sübut edən və döstumuz Azad Şərifovun fəal həyat mövqeyindən xəbər verən həyat faktıydı...

 


Şakir YAQUBOV,
1992-ci ildə “Həyat” qəzeti baş redaktorunun
birinci müavini
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !