Sumqayıtda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb - + FOTO ( AZpress.AZ - Xaqani Əzizov, Sumqayıt )

Sumqayıtda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb + FOTO ( AZpress.AZ - Xaqani Əzizov, Sumqayıt )

Sumqayıt şəhəri üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi 1 milyard 178 milyon manat təşkil edib. 2015-ci illə müqayisədə 148 faiz və ya 382 milyon manat çox məhsul istehsal olunub və xidmət göstərilib. Sənaye məhsulunun istehsalı 802,2 milyon manat təşkil edib ki, bu da 183,2 faiz və ya 364,5 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 80 faizi ötüb. Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 350 milyon manat vəsait yönəldilib, artım 146 faiz təşkil edib. Ötən il 6149 daimi yeni iş yeri açılıb.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhərin 2016–cı ildə sosial-iqtisadi inkişafınin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.

 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, keçən il Sumqayıtda mühüm infrastruktur layihələri həyata keçirilib, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Dövlətimizin başçısının iştirakı ilə Heydər Əliyev Mərkəzi, Şahmat və İncəsənət Məktəbi, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı istifadəyə verilib. Şəhərin Heydər Əliyev və Azərbaycan prospektində yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib.

 

Ulu Öndərin adını daşıyan parkda da yenidənqurma işləri aparılıb. Parkda 200-dən çox müasir işıqlandırma sistemi qurulub. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru 4,2 kilometr uzunluqda ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5 kilometr olan Sahil küçəsində də yenidənqurma işləri yekunlaşıb. Sumqayıtın yeni Dənizkənarı Bulvarı istifadəyə verilib. 350 yaşayış binasının dam örtüyü, 200 binanın lifti yenilənib.

 

Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, yol infrastrukturunun yaxşılaşdırılmasından, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təminatı ilə əlaqədar görülən işlərdən də ətraflı bəhs olunub.

 

Çıxışlarda 2016-cı ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

 

Yığıncaqda Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Hacı Salayev və Mirzəcan Xəlilov iştirak ediblər.

 

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

FOTO : AZpress.AZ -Xaqani Əzizov, Sumqayıt 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !