İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ -

İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.
Toplantıda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı faciəsi qurbanlarının anılması və soyqırımın tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Yığıncaqda İƏTPİ-nin Baş katibinin məruzəsi dinləniləcək, qurumun Ümumi Komitəsinin 19-cu sessiyasının hesabatı, daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya çərçivəsində, habelə, Müsəlman Qadın Parlamentarların Beşinci Konfransı və digər tədbirlər keçiriləcək.
Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏTPİ Konfransının 12-ci sessiyasının Yekun Kommunikesi qəbul ediləcək.
Səfər yanvarın 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !