ÇEXİYANIN SƏNAYE VƏ TİCARƏT NAZİRİ MİLLİ MƏCLİSDƏ OLDU -

ÇEXİYANIN SƏNAYE VƏ TİCARƏT NAZİRİ MİLLİ MƏCLİSDƏ OLDU

Yanvarın 18-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən vitse-spiker vurğuladı ki, Şərqi Avropa ölkələri arasında münasibətlərə nəzər salsaq, coğrafi mövqelərin uzaqlığına baxmayaraq Azərbaycan-Çexiya əlaqələri hər zaman yüksək səviyyədə olub. O, ölkələrimiz arasındakı iqtisadi, mədəni və ticari əlaqələrin mövcud vəziyyətindən söz açdı və bu səfərin, keçirilən görüşlərin əməkdaşlığmızın daha da genişləndirilməsində səmərəli olacağına əminliyini bildirdi. Valeh Ələsgərov ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr barəsində ətraflı danışaraq bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin Çexiyanı da əhatə etməsi bizi çox sevindirir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də başa çatdıqdan sonra həm Şərqi Avropa, həm də Uzaq Şərq ölkələri arasında ticarət əlaqələrinin inkişafına dərin yol açacaq.
Qonağa Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən Valeh Ələsgərov qeyd etdi ki, bu problem nəinki ölkəmizdə, eləcə də regionda böyük layihələrin inkişafına maneçilik törədir.
Səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirən Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycanla Çexiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu dedi və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. Qonaq münasibətlərimizin inkişafında parlament ölçüsünün əhəmiyyətini xüsusi vurğuladı və bunun üçün parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirdi.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkan və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !