Milli Məclisin Mədəniyyət komitəsinin 2017-ci il yaz sessiyasında ilk iclası keçirildi -

Milli Məclisin Mədəniyyət komitəsinin 2017-ci il yaz sessiyasında ilk iclası keçirildi

Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2017-ci il yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rafael Hüseynov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
Rafael Hüseynov əvvəlcə 2016-cı ilin payız sessiyasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu müddətdə komitənin 6 iclası keçirilib. İclaslarda “Mədəniyyət haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Nəşriyyat işi haqqında” qanunlara müvafiq dəyişikliklərə baxılıb. Eyni zamanda, “Kinematoqrafiya haqqında” qanunun layihəsi mütəxəssislərin iştirakı ilə təkmilləşdirilərək komitədə müzakirə olunub. Təqdirəlayiq haldır ki, ölkənin 2017-ci il dövlət büdcəsinin müzakirələri zamanı mədəniyyətin ayrı-ayrı istiqamətlərinin inkişafı ilə əlaqədar bu sahəyə maliyyə vəsaitinin artırılması nəzərdə tutulub.
Qeyd edildi ki, hesabat dövründə komitəyə vətəndaşlar tərəfindən, habelə müxtəlif idarə müəssisə və təşkilatlardan bir sıra müraciətlər daxil olub. Müraciətlər araşdırıldıqdan sonra lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Bildirildi ki, 2017-ci ilin yaz sessiyası ərzində ölkə Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri sənədlərə münasibət bildiriləcək. Qanunvericilik işləri planına əsasən, həmçinin, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Komitə sədri adlar və soyadlarla bağlı qanun layihəsinin hazırlanması zərurətindən də danışdı.
Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif olunan dəyişiklik barədə söhbət açıldı. Qanunun 13-cü maddəsinin birinci hissəsinə edilən düzəlişə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı, lazımi tədbirlər görülməlidir.
Rafael Hüseynov gündəlikdəki son məsələyə toxunaraq YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasından irəli gələrək Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı ayrıca qanun layihəsinin hazırlanması, ya da “Folklor nümunələrinin qorunması haqqında” qanuna lazımi dəyişikliklərin edilməsi təklifi ilə çıxış etdi.
İclasda deputatlar Gövhər Baxşəliyeva, Aqil Abbas, Jalə Əliyeva, Cavanşir Feyziyev, Əflatun Amaşov təqdim olunan məsələlər barədə öz fikirlərini açıqladılar. Çıxışlarda mədəniyyət və incəsənət xadimlərinin müəlliflik hüquqlarının qorunması və ölkədə mətbuat muzeyinin yaradılması ilə bağlı təkliflər səsləndirildi.
Müzakirələr zamanı 2016-cı ilin payız sessiyası dövründə görülən işlər qənaətbəxş hesab edildi, cari ilin yaz sessiyasının qanunvericilik planı məqbul sayıldı.

Milli Məclisin
Mətbuat xidməti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !