Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu -

Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu

Yanvarın 16-da Pirallahı Sənaye Parkında sayca 2-ci əczaçılıq zavodunun - "Caspian Pharmed"in təməli qoyulub.
Bu münasibətlə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə "Caspian Pharmed" əczaçılıq zavodunun yaradılmasına dair "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" Şirkətlər Qrupu və İranın "TPİCO Holding" Şirkətlər Qrupu arasında Səhmdarlar Sazişi imzalanıb. Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Caspian Pharmed" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25%, "Azərsun Holdinq" 26%, İranın "TPİCO" şirkəti isə 49% iştirak payına malikdir.
Tədbirdə "Caspian Pharmed" əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, ilkin mərhələdə 20,6 mln. ABŞ dolları invesisiya qoyulacaq müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin mərhələdə zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Layihənin reallaşdırılmasında Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. Əczaçılıq zavodu yüksəksteril mühit, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı üzrə GMP istehsalat praktikası və digər beynəlxalq standartlara cavab verəcək.
"Caspian Pharmed" əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə "Caspian Pharmed" əczaçılıq zavodunun təməli qoyulub.
Tədbir çərçivəsində həmçinin, "Caspian Pharmed" birgə müəssisəsinə Pirallahı Sənaye Parkının rezidenti statusu da təqdim edilib.

Qeyd: Əczaçılıq sahəsi üzrə ixtisaslaşan Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Artıq 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulub. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !