PARLAMENTDƏ AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ -

PARLAMENTDƏ AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ

Yanvarın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüşdü. Görüşdə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak, Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman, Milli Məclisin deputatı Vüsal Hüseynov iştirak edirdilər.
Qonaqları salamlayan Bahar Muradova öncə Yeni il təbriklərini çatdırdı. 2017-ci ildə bütün qitələrdə əmin-amanlıq və sülh olmasını arzuladı. Azərbaycanla AŞPA arasındakı əməkdaşlıq əlaqələrindən söz açaraq qeyd etdi ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Son vaxtlar hər iki tərəf mövcud əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyir. Vitse-spiker bildirdi ki, əlaqələrimizin müsbət məcrada inkişafında həmməruzəçilər mühüm rol oynayır.
Yola saldığımız 2016-cı ildə ölkəmizdə və dünyada gedən siyasi-iqtisadi proseslərə diqqət yönəldən Bahar Muradova Azərbaycanda həyata keçirilmiş islahatları önə çəkdi, bir sıra məsələlərin tənzimlənməsində referendumun böyük rol oynadığını vurğuladı.
Milli Məclisin təmsilçilərinə xoş Yeni il arzularını çatdıran Stefan Şennak bildirdi ki, bu günlərdə Azərbaycan üzrə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi vəzifəsinə təyin olunmalarının bir ili tamam olur. Ona görə də, cənab Sezar Florin Preda ilə birgə bu ilki fəaliyyətlərinə Azərbaycandan başlamaq qərarına gəliblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 


* * *

 


Həmin gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri də qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda ilə görüşdülər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd etdi ki, Türkiyədə və dünyada terror aktlarının intensiv hal alması hər kəsi narahat edir. Yeni – 2017-ci ilin demokratiya, insan hüquqlarının aliliyi, vətəndaş cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə, əmin-amanlığın bərqərar olması baxımından həm ümumi evimiz olan Avropada, həm də dünyada sülhlə dolu, uğurlu bir il olacağına, təhlükəsizlik və sabitliyə gözəl töhfələr verəcəyinə ümidvarıq.
Qonaqlara Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumdan söz açan Səməd Seyidov bildirdi ki, Ermənistan dayanmadan işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma aparır. İşğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların konkret olaraq bununla bağlı qətnamələrinə məhəl qoymur, hələ də başqa ölkələrdən gələn vətəndaşları orada yerləşdirməyə davam edir. Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu rayonlarda dalbadal baş verən təxribatlar zamanı şəhid olan Azərbaycan əsgərinin cəsədi iki həftədən artıqdır bizə qaytarılmır. Bu da Cenevrə konvensiyasının prinsiplərinə ziddir.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını bildirdi. O, Avropa Şurasına üzv olan iki dövlət – Azərbaycanla Ermənistan arasında yaşanan bu münaqişədən dərin narahatlığını ifadə etdı. Dağlıq Qarabağ münaqişəsində obyektivliyin qorunmasının onların fəaliyyətində önəmli prinsip olduğunu, hesabatlarında əksini tapan məqamların dürüstlüyünü səylə qoruduqlarını bildirdi.
Görüşdə Milli Məclisin deputatları Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Vüsal Hüseynov, Fazil Mustafa və digər rəsmi şəxslər iştirak edirdilər.

 


* * *

 


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə keçirilən görüşdə komitə sədrinin müavini Rövşən Rzayev belə görüşlərin əhəmiyyətli olduğunu dedi. O, AŞPA ilə Milli Məclis arasında münasibətlərin həmişə yüksələn xətlə inkişaf etdiyini söylədi. Azərbaycanın AŞPA ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini bildirdi. Diqqətə çatdırıldı ki, Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində yolunu uğurla davam etdirir.
Söhbət zamanı Rövşən Rzayev qonaqlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlərdən danışdı, komitə üzvlərinin qanun yaradıcılığı sahəsində, habelə müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyəti barədə məlumat verdi.
Həmməruzəçilər öz çıxışlarında səfər zamanı nəzərdə tutulan işlərdən söhbət açdılar. Ölkəmizdə həyata keçirilən quruculuq prosesindən, aparılan islahatlardan məmnunluqlarını ifadə etdilər. Qonaqlar bildirdilər ki, təmsil etdikləri qurum müstəqil Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir və gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Sabir Hacıyev və Vüsal Hüseynov iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !