Azər HƏSRƏT: - Bu dəfə deputatların tərəfindəyəm

Azər HƏSRƏT: Bu dəfə deputatların tərəfindəyəm

Ötən ilin sonuncu günlərində bir qrup indiki və keçmiş deputatın mənzillə təmin edilməsi xəbərləri dolaşır. Rəsmi törən haqqında bir şey deyilmir. Sadəcə sızdırılan məlumatlara görə, hazırda parlamentdə oturan bir qrup deputatla bərabər onların bəzi keçmiş həmkarları 13 il gözlədikdən sonra arzu etdikləri mənzillərə qovuşublar. Sağlıqlarına qismət. Xeyirli, düşərli olsun. Allah mübarək eləsin.

 

Bu xəbər mediaya sızandan dərhal sonra da qarğışlar, söyüşlər, sataşmalar baş alıb gedir. Bilən də, bilməyən də deputatlara lağ edir, onlara bəddua ünvanlayır ki, bəs, sən demə bunlar dövlətin malına tamah salıblar. Hələ iddia da edilir ki, ehtiyacları olmadan ev alıblar. Özü də dövlət hesabına.

 

Bəddua edib söyüş söyənlərin tutarqası budur ki, onsuz da deputatların vəziyyəti yaxşıdır, niyə əlavə mənzillə təmin edilirlər? Bir qədər dayaz yanaşanda bu cür suallara haqq qazandırmaq olar. Amma ki, azacıq dərindən baxanda bu deputatların nə söyülməsinə, nə də aşağılanmasına haqq qazandırmaq olmaz.

 

Niyə?

 

Ona görə ki, adamlar öz mənzil şəraitlərini yaxşılaşdırmaqda sərbəstdirlər. Üstəlik, deputat olduqları üçün daha geniş, daha rahat mənzilə təbii ehtiyacları var. Çox adam elə düşünür ki, bunlar da hər kəs kimi darısqal mənzildə yaşamalı, işləməlidir. Əsla elə deyil.

 

Özümdən deyim ki, sıradan bir jurnalistəm və darısqal mənzildə yaşayıb işləməyin nə qədər problemlərə səbəb olduğunu öz üzərimdə hiss edirəm. İndi bu deputatların da eyni çətinlikdə yaşayıb işləməsi doğru olmaz axı. Biz bunlardan daha keyfiyyətli iş tələb edirik, amma mənzil şəraitlərini yaxşılaşdırmalarını da topa tuturuq. Yanlış yanaşmadır.

 

Hələ mən onu da xatırladım ki, bir neçə ay öncə deputatların maaşlarıyla bağlı da eyni mübahisələr gedirdi. Bəzi deputatlar ehtiyatlı şəkildə maaşlarının az olmasından danışmışdı. Bizim çevik sosial media fəallarımız da bundan yapışıb onların üzərinə hücuma keçmişdilər ki, bəs, filan qədər maaş alırsınız, hələ utanmadan az olduğunu iddia edirsiniz. O filan qədər də çox məbləğ deyil əslində. Söhbət hansısa 2-3 min manatdan gedir. Məsələ ondadır ki, bu 2-3 min, əslində, az məbləğ deyil. Amma söhbət deputat maaşından gedirsə, olduqca az məbləğdir. Azərbaycan şəraitində 2-3 minlə normal yaşamaq olar. Lakin gərək vəzifə sahibi olmayasan, ictimai və siyasi çəkin də olmaya. Deputatlarsa, təbii ki, çəkisi olan adamlardır, onların xərcləri sadə insanların xərclərindən on dəfələrlə artıqdır.

 

Bir örnək verim.

 

Fərz edək ki, hansısa ölkədən bir deputat bizim deputata qonaq gəlir. İndi sizcə bizim deputatımız onu biz sadə insanlar kimi hansısa ucuz restoranda qonaq edə bilərmi? Təbii ki, yox. Ən yaxşı restorana aparmalı, ən yaxşı oteldə qonaq etməlidir. Bu isə nə deməkdir? Əlbəttə, əlavə xərc. Özü də bizim kimi insanlarla müqayisədə onlarla dəfə artıq xərc. Yəni biz 30 manata bir restoran qonaqlığını yola verə biləriksə, deputat bunun üçün ən azı 300 manat xərcləməlidir. Belə olan halda fərz edək ki, bir deputatın ay ərzində 3 belə qonağı gəlir. Təkcə restorana xərclənəcək pul 900 manat edərmi? Edər təbii. Oteli, gəzintisi, hədiyyəsi filanı da üstünə gələndə bu deputatın aldığı maaşdan ailəsinə bir qəpik belə çatmır. Ona görə də düşünürəm ki, deputatların maaşı olduqca azdır və artırılması zəruridir.

 

Yenidən bu mənzil məsələsinə qayıdıram. Xəbərlərdə həm də o deyilir ki, bu bina 2003-cü ildə tikilməyə başlayıb. Hər mənzil sahibi də 35-40 min dollar xərcləməli olub ki, mənzilinə qovuşsun. Yəni adamlara kimsə havayı mənzil verməyib. Elə isə niyə söyülür bunlar? Adamlar ciblərinin pulunu verib ev alıblar. Bunun bizə nə isti-soyuğu var? Amma nə sirdirsə, yeni mənzil alanları gözdən salma kampaniyası aparanlar onların öz mənzillərini havayı almadıqlarının üzərindən keçirlər. Məqsəd nədir? Sadəcə qaşınmayan yerdən qan çıxarmaq. Ölkədə narazılıq üçün əlavə tutarqalar istehsal etmək. İnsanları qaza gətirib ümumilikdə hakimiyyətə qarşı çevirmək. Özü də bu təbliğatda daha çox əhalinin zəif təbəqələrinin hissləri hədəf alınır. Görürsünüz, ölkədə bu qədər qaçqın, şəhid ailəsi var, deputatlarsa utanmadan lüks mənzillər alırlar. İndi ölkədə qaçqınlar var deyə dövlət adamları da qaçqın günündə yaşamalıdır? Əlbəttə, onlar da hər kəs kimi ümumi dərdlərimizə ortaq olmalıdırlar. Amma daha problemlər içində yaşayıb işləməklə deyil. Əgər biz dövlət adamlarından, deputatlardan keyfiyyətli iş tələb ediriksə, onların daha keyfiyyətli yaşayış şəraiti istəklərinə də anlayışlı yanaşmalıyıq. Əks təqdirdə kasıb, problemlər içində çabalayan məmurdan, deputatdan nə millətə, nə də dövlətə fayda gözləməyə haqqımız yoxdur. Bunlar da mənim düşüncələrimdir ki, dəyərli oxucularımla paylaşmaq istədim.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !