Azər HƏSRƏT: - Qara siyahısı da varmış dəvəquşunun…

Azər HƏSRƏT: Qara siyahısı da varmış dəvəquşunun…

Facebook bizim üçün həm də bir sıra məqamların aşkar edilməsində faydalıdır. İnsanlarla ünsiyyət öz yerində, əlavə olaraq fərqli əhval-ruhiyyələr, cəmiyyətdə baş verən olaylar haqqında xəbərləri getdikcə daha çox buradan alırıq. Rahatdır, çevikdir və istifadəsi hər kəs üçün uyğundur deyə.

 

Bir də bu sosial şəbəkədə insanların gündəlik fəaliyyətini izləyib haqqında bir qənaətə gəlmək olur. Özəlliklə ictimai-siyasi fəalların, media əhlinin, ədəbiyyat adamlarının, müəllimlərin fəaliyyətini izləyirəm. Aralarında elələri var ki, yaxın münasibətimiz, dostluğumuz olmasa belə, onları hər gün görmək mənim üçün xoşdur. Bir növ azarkeşlik edirəm bunlara.

 

Facebook üzərindən azarkeşlik etdiklərimdən biri də gənc jurnalist həmkarım İradə Cəlildir. Diqqətimi sözünü üzə deməyilə çəkir. Kimsədən çəkinmədən, qorxmadan olduğu kimi görünüb göründüyü kimi ola bilir (mənim qənaətimə görə). Dişli jurnalistdir. Yazır, yaradır, axtarışdadır və öz üzərində çalışdığına şübhə ola bilməz. Hətta şəxsi həyatını belə hər kəs üçün açıq tutur. Anlaşılan, kimsədən utanması, çəkinməsi üçün səbəb yoxdur. Zəhmətkeşdir, daşıdığı jurnalist vəsiqəsindən əsla sui-istifadə etmir. Facebook-da həmişə görürəm ki, bu gənc xanım hər kəsin gözünün içinə dik baxır. Yeri gələndə sözünü ən kəskin şəkildə deməkdən çəkinmir. (Yeri gəlmişkən, mənə də iradlarını açıq şəkildə deyir. – A.H.) Elə ona azarkeşlik etməyimin əsas səbəbi də budur.

 

Bütün bunları ona görə qeyd edirəm ki, biz – yəni nisbətən yuxarı nəsil jurnalistlər belələrinin qədrini bilməli, onlara yol açmalı və daha keyfiyyətli jurnalistikanın davamlılığını təmin etmək üçün yardımçı olmalıyıq. Eyni zamanda dövlət qurumlarında media ilə əlaqələrə məsul olanlar da bunun fərqinə varmalı, keyfiyyətli jurnalistikanın ayaqda tutulması üçün köməklərini əsirgəməməlidirlər.

 

Sözümün canı var.

 

İradə Cəlili nahaqdan söhbətəmövzu etmədim. Az bir müddət öncə bu xanım Facebook-da belə bir status yazmışdı: “Millət, mən hansısa mətbuat xidmətinin fəaliyyətini bəyənmirəmsə, bu mənim mövqeyimdir, qəzetin deyil. Mənim fikirlərimə görə qəzetin digər işçiləri ilə ədavət aparmaq axmaqlıqdır”.

 

Belə anlaşılır ki, hansısa mətbuat xidməti məhz bu İradə Cəlilin mövqeyinə görə, onun işlədiyi qəzetin adını qara siyahıya salıb! Gənc bir həmkarı da buna görə o qurumdan təcrid edilir.

 

Sonra məsələni bir balaca araşdırdıq. Düzdür, həmkarımız həmin xidmətin rəhbərinin adını açıqlamadı. Özünün tutarqası vardı ki, gənc həmkarı müəyyən səbəblərdən bunun açıqlanmamasını rica edibmiş. O da həmkarının sözündən çıxa bilmədiyi üçün ad açıqlamır.

 

Amma biz təxmin etdik. Çünki bu cür yarımqafalı ictimai əlaqə xidməti rəhbərlərinin sayı elə də çox deyil. Üstəlik, keçmişdə bizim kimi jurnalist olmuş bu adam(lar) indi bir balaca dövlət vəzifəsi tutduqları üçün az qala hamımızı ayaqlarının altına almağa hazırdırlar.

 

Mənim təxmin etdiyim adam sadəcə İradə Cəlilin qəzetini qara siyahıya salmayıb. Bu yaxınlarda mənə çatan bilgilərə görə, bu yarımçıq fərd həm də məni qara siyahıya salıbmış! Səbəb nəymiş? Çox sadə bir səbəbdən. Onun öz yarımçıq ağlıyla mənsub olduğu qurumun yanlış informasiya siyasətini çılpaq bir şəkildə faş etdiyimə görə!

 

Əhvalatsa belə olmuşdu. Bu adam mətbuatla əlaqələrə (ictimai əlaqələrə) məsul şəxs kimi işə təyin edildikdən az sonra naziri inandıra bilmişdi ki, sahəyə aid olan bütün informasiyalar mütləq bunun süzgəcindən keçib mediaya çıxmalıdır. Nazir də yeni və gənc olduğu üçün bu “təcrübəli” jurnalistə güvənib bir təlimat imzalamışdı ki, mən də həmin təlimatı tənqid etmişdim. Özü də əsaslı şəkildə. Və bununla da o qurumun sırf mediaya aid olan fəaliyyətlərindən kənar tutulmağa başladım. Amma boş durmadım, araşdırdım və bəlli oldu ki, hər dəfə məhz bu adam mənim adımı siyahıdan çıxarırmış. Yəni özünə çəki-düzən vermək yerinə, güzgünü sındırır.

 

Qınamıram. Çünki belələri dövlət vəzifələrini işğal etmiş parazit kimidir. Bunların istedadı olmur. Qabiliyyət, bacarıq, ən adi ünsiyyət imkanları yerin dibindədir. Amma hansısa kəramət üzündən gəlib müqəddəs saydığımız dövlət vəzifələrinə pərçimlənirlər, sonra da elə bilirlər ki, dünyanın ağası bunlardır. Ona görə də İradə Cəlil kimi jurnalistin açıq sözlü olmasından dolayı qəzetini qara siyahıya salırlar. Yaxud da Azər Həsrətin işin faydası üçün qələmə aldığı tənqidlərə görə, onu da özlərindən uzaq tutmağa çalışırlar. Sonucda olansa həmin quruma olur. Yəni belə yarım qafalı, istedadsız işçilərin üzündən konkret sahəyə aid ictimai rəy mənfi yöndə köklənir. Bir müddət sonra isə bütün media o sahəni topa tutmağa başlayır və lap elə nazir belə vəzifəsini itirməli olur.


Yeri gəlmişkən, bu adamın ictimai əlaqələrə baxdığı nazirliklə bağlı da yellər əsməyə başlayıb. Hər halda, qulağımıza çatan xəbərlərdən belə qənaətə gəlmişik. Bunun nə qədər doğru olub-olmadığını isə zaman göstərəcək.

 

Sözümün sonunda o adama çağırış etmək istərdim ki, bu əməllərindən əl çəksin. Onsuz da media elə bir sahədir ki, hamı bir-birini yaxşı tanıyır. Vəzifə gəldi-gedərdir. Münasibətlərsə heç bir zaman unudulmur. Yəni günün birində siz o vəzifəni itirə bilərsiniz və yenidən bizə – jurnalist həmkarlarınıza sığınmalı olarsınız. Bax, elə edin ki, onda üzümüzə baxmağa üzünüz olsun.

 

…İctimai əlaqələrə məsul olanların vəzifəsi təmsil etdikləri qurumun üzünü ağ eləməkdir. Amma ki, belələrinin üzündən əksi alınır. Sadəcə boş təkəbbürlərinə görə…

 

Onu da qeyd edim ki, bu dəvəquşu ağlındakı adamın media əhli arasında heç də yaxşı imici yoxdur. Beləsini ictimaiyyətlə əlaqələrə məsul vəzifədə saxlamaq o qurum üçün nə qədər faydalı ola bilər? Bunu da, təbii ki, həmin qurumun rəhbəri düşünsün məncə…

 

Qeyd: Deyirlər ki, həmin bu adam mediadakı işini itirdikdən sonra depressiyaya düşübmüş. Yaxın ətrafına deyirmiş ki, “tüpürüb gedəsən bu məmləkətdən, yaşanmalı yer deyil”. Amma sonra hansısa bir əl ona uzanıb və gətirib hazırda davamlı şəkildə üzünü qara etməklə məşğul olduğu nazirliyə pərçimləyib… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !