Azər HƏSRƏT: - Üç deputat haqqında bir yazı

Azər HƏSRƏT: Üç deputat haqqında bir yazı

Biri sadə zəhmət adamını döyür, bir başqası bir parça çörəkdən ötrü cəlayi-vətən olanları “atıntı” adlandırır. Üçüncü birisi isə təsadüfən gənc yaşında parlament üzvü olur, adamın salamını almır.

 

Bütün bunlar deputatlarımız haqqındadır. Və təəssüf ki, onlar haqqında bilgimiz belə məsələlərdən uzağa getmir…

 

Sırasıyla.

 

Erməni tapdağındakı gözəl yurd yerimiz Cəbrayıldan olan deputat Astan Şahverdiyev bir neçə gün öncə hay-küylə gündəmə gəldi. Heç bir prinsipial məsələdə sözünü eşitmədiyimiz, Azərbaycan dövlətinə və dövlətçiliyinə hansısa faydası haqqında heç bir bilgimiz olmayan bu deputat ən adi sosial problemlərini həll etmək üçün səsini qaldırmış insanları – öz yerliləri olan qaçqınları “nəşəxor” elan etdi. Hələ bir az da irəli gedərək Rusiyada yaşayan və işləyən Azərbaycanlıları ucdantutma “atıntı” adlandırdı…

 

Ayıb olmadımı? Oldu təbii ki. Ona görə də həm hakimiyyət, həm də müxalifət cəbhəsindən səslər yüksəldi, bu deputata millətcə yeri göstərildi. Ümid və arzu edirik ki, ona həm də qanun və Milli Məclisin uyğun qaydaları çərçivəsində də yeri göstəriləcək.

 

Bu adamın nə deməsini, düşünməsini bir kənara qoyub altını cızaraq qeyd etmək istərdim ki, o gözəl Qarabağın, işğal altındakı Vətən torpaqlarının insanları şəxsən mənim üçün ucdantutma sevimli insanlardır. Deputatın “nəşəxor” kimi gördüyü Cəbrayıllıların arasında isə xeyli sayda tanışlarım, dostlarım var ki, öz ziyalılıqları, ədəb və əxlaqları, üstəlik dövlətə və dövlətçiliyə sədaqətlərilə seçilirlər. Belə bir zümrənin deputatı olasan, onlara bu qədər ədəbsiz bir ifadəni yaraşdırasan. Olacaq şey deyil, Şahverdiyev müəllim…

 

Qarabağ insanı ziyalıdır, əxlaqlıdır, ədəblidir. Yaşım əllini haqlayır, bu günə kimi Cəbrayıldan bir nəfər olsun ədəbsiz, əxlaqsız insana rast gəlməmişəm. Amma necə olur ki, bu deputat bir dəfə ağzını açır və iddia edir ki, oralar “nəşəxor”, “başıpozuq” adamlarla doludur?

 

Bu Şahverdiyevə qədərsə gündəmdə İqbal Məmmədov adlı deputat var idi. Mediada yayılan xəbərlərdə deyilirdi ki, bu adam hansısa təzə binadan ev alıbmış. Ora baş çəkmək istəyib, gənc qarovulçu içəri buraxmayıb ki, hələlik izn yoxdur. Bu da qoluna güc verib, fağır gənci şapalaqlayıb. Hələ üstəlik o binanı tikən şirkətin rəhbərliyini də hədələyib ki, məsələni ictimailəşdirsəniz sizi həbs etdirəcəyəm.

 

Yox əşşi! Bu adamlar nə yeyir, nə içir də deputat olur, üstəlik Vətənimin sadə insanını şapalaqlayıb Bakının tən ortasında qoçuluq edir? Kimdir axı bunlar? Belələrinin Azərbaycan dövləti və xalqı qarşısında hansı vazkeçilməz xidmətləri olub ki, utanmadan təpəmizə çıxırlar? Bu nə qudurğanlıqdır axı? Niyə mənim ölkəmin parlamenti belə təsadüfi adamlardan təşkil olunmalıdır?

 

Üçüncü bir deputatı isə gündəmə mən gətirirəm. Adı Kamran Bayramovdur. Yəqin ki, mənim oxucuma bu ad heç nə demir. Təbiidir. Çünki bu adda deputatın olduğunu heç mən də bilmirdim. Sadəcə onun təmsil etdiyi dairədə bir yaramazlıq baş verdi, düşündüm ki, bu adam məsələni diqqətə alıb ədalətin bərpasında öz sözünü deyə bilər. Hələlik mahiyyətinə toxunmaq istəmədiyim həmin məsələni bir kənara qoyuram. Düz noyabrın 14-də (yəni 43 gün öncə) bu adama Facebook üzərindən salam verib bir müraciət yazdım. Rica etdim ki, təmsil etdiyi dairədə baş verən bu məsələyə diqqət ayırsın. Aradan bu qədər zaman keçib, adam nəinki məsələylə bağlı reaksiya vermir, üstəlik, ədəb-ərkanla verdiyim salamı belə almağı özünə yaraşdırmayıb.

 

Araşdırdım. Gənc deyə biləcəyimiz deputatlardandır. 37 yaşı var. Hər hansı ictimai-siyasi fəaliyyətilə seçilməyib, seçilmir də. Yəni parlamentə göydən zənbillə düşmüş deputatlardandır (təəssüf ki, belələri çoxdur orda və heç bir faydalarını da görmür bu millət – A.H.). Anlaşılan, adamın bioqrafiyası çox zəngin deyil. Elə ona görə də Azər Həsrət adlı tanımadığı birsinin salamını almağı belə özünə sığışdırmır…

 

Elə isə bizə də düşən budur ki, təcrübəsizlik edənlərə yardımçı olaq. Milli Məclisdə sayğı duyduğum, qarşılıqlı hörmət bəslədiyim onlarla deputat var. Onlardan rica edəcəm ki, bu gəncə bir az da belə mətləbləri anlamaqda yardımçı olsunlar. Məsələn, çox hörmətli akademik, uzun illərin parlament təcrübəsinə malik Ziyad Səmədzadə, həm dövlət idarəçiliyində, həm də parlamentarizmdə müstəsna təcrübəsi olan Vahid Əhmədov, illərdir öz fəallıqları ilə seçilən, doğrudan xalqa yaxın olan deputatlar Xanhüseyn Kazımlı, Flora Qasımova, Asim Mollazadə, Bahar Muradova, Əli Məsimli, Aqil Abbas, Fəzail Ağamalı, Adil Əliyev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Cavanşir Feyziyev, Əli Hüseynli, Ziyafət Əsgərov, Hadı Rəcəbli, Tahir Kərimli, Nizami Cəfərov, Zahid Oruc, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Çingiz Qənizadə, Azər Badamov, Fazil Mustafa, Əflatun Amaşov, Elman Nəsirov, Hikmət Babaoğlu, Fərəc Quliyev (sıralama təsadüfidir – A.H.) və daha neçə-neçə deputat dostumuz, tanışımızdan rica edəcəkdim ki, bu gəncə heç olmasa verilən salama əleyküm salam deməyin gərəkliliyini izah etsinlər.


Qınamıram. Adam təsadüfən, hazırlıqsız gəlib düşüb parlamentə, özünü itirib. İndi Azər Həsrət kimi ağır bioqrafiyası olan birisi də buna salam deyib. Gəncdir, təcrübəsizdir, salamı almama qüsuruna yol verib. Nə olar? Böyüklərimiz (ki, onlar bu salam-kəlam məsələsində həmişə şəxsimə sayğılı olublar – A.H.) ona bir daha belə qüsurları buraxmaması üçün yardımçı olarlar.

 

Bəs parlamentimizdə bu qəbildən olan deputatlar cəmi üç nəfərdirmi? Təəssüf ki, yox. Elə problem də bundadır. Bu cür adamların az qala çoxluq təşkil etdiyi bir parlamentimiz var bizim. Elə ona görə də bəzən insanların ən adi problemlərinin həlli daşa dirənir, ölkədə ictimai narazılıq süni şəkildə artırılır. Məhz bu cür deputatların üzündən.

 

Bəs nə etməli? Bax, hələlik bu sualın cavabını buraxıram hər kəsin öz öhdəsinə…

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !