Məzahir Süleymanzadə : - "Gəl, biz bu dünyanın axrına çıxaq..."

Məzahir Süleymanzadə : "Gəl, biz bu dünyanın axrına çıxaq..."

Sən mənə "yox" demə, gülüm, bərkimə,
Qoy səni götürüm, alım tərkimə...
Gəl, biz bu dünyanın axrına çıxaq,
Yerdə nə qalıbsa, yandıraq, yaxaq...


Hayana baxırsan sönmüş ocaqdır,
Onsuz da bu dünya dağılacaqdır...
Özümüz dağıdaq, bir az tez olsun,
Dumanlar çəkilsin, çəmənlər solsun...


Naləsi ucalsın dağın, daşın da,
Qurunun oduna yanan yaşın da...
Sonra biz Allahın yanına gedək,
Hamının adından tövbələr edək...


Dəyişsin Yer üzü, açılsın hava,
Mən dönüm Adəmə, sən də ki, Həvva...
Elə et, cənnətdən qovulmayaq biz,
Qoy artsın, çoxalsın yeni nəslimiz...


Qəlblərdə qalmasın nə qəm, nə kədər,
Heç kəsin zəhməti getməsin hədər...
Dünyada nə qızıl, nə də pul olsun,
Nə padşah, nə ağa, nə də qul olsun...


Çox gözəl görünür, bir bax, əzizim,
Sərhədsiz, millətsiz dünyamız bizim...


Məzahir Süleymanzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !