TÜRKPA PARLAMENTLƏRARASI ÜNSİYYƏTİN DEMOKRATİK FORUMUNA ÇEVRİLİB -

TÜRKPA PARLAMENTLƏRARASI ÜNSİYYƏTİN DEMOKRATİK FORUMUNA ÇEVRİLİB

Dekabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda TÜRKPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekovu qəbul etdi.
Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən söz açan Oqtay Əsədov vurğuladı ki, yarandığı gündən qurum böyük inkişaf yolu keçib və parlamentlərarası əlaqələrimizdə yeni mərhələ açıb. TÜRKPA bundan sonra da geniş coğrafi ərazini əhatə edən türk dünyasının qarşılaşdığı problemlərin həllinə öz töhfəsini verəcək. Müasir dövrün çağırışları fonunda türkdilli dövlətlərin və parlamentlərin daha sıx birləşməsi vacibdir. Sevindirici haldır ki, eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən türkdilli dövlətlər bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə gücləndirirlər.
Söhbət zamanı türk dünyasının birliyini möhkəmləndirmək istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən və həyata keçirdiyi tədbirlərdən söz açan Oqtay Əsədov türk sivilizasiyasının bərpası və inkişafı üçün türkdilli xalqların mədəni irsinin qorunması vacibliyini xüsusi vurğuladı.
Görüşdə Joqorku Keneş sədrinin diqqətinə çatdırıldı ki, Azərbaycan Qırğızıstanla əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizdə son illər müşahidə olunan intensivlik siyasi dialoqun davam etdirilməsinə və əməkdaşlığın inkişafına möhkəm zəmin yaradır.
Qonağa ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar barədə məlumat verildi, indiyədək Azərbaycanla Qırğızıstan arasında dövlətlərarası və hökumətlərarası səviyyədə 38 sənəd imzalandığı xatırladıldı. Azərbaycan-Qırğızıstan münasibətlərində mədəni-humanitar əlaqələrin rolu xüsusi vurğulandı. TÜRKSOY-un bu sahədəki fəaliyyəti yüksək qiymətləndirildi.
Hazırda parlamentlərarası əlaqələrimizin daha dinamik xarakter aldığı və deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi qeyd edildi. Milli Məclisdə və Joqorku Keneşdə fəaliyyət göstərən dostluq qruplarından bəhs olundu.
Söhbət əsnasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu.
Görüşdə Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov Azərbaycana səfərdən məmnunluğunu bildirdi. TÜRKPA-nın mənzil-qərargahının açılışını yüksək dəyərləndirdi. Qırğızıstan parlamentində Milli Məclislə əlaqələrin inkişafına xüsusi diqqət yetirdiklərini dedi. Türkdilli xalqların birliyinə və inkişafına nail olmaq üçün TÜRKPA çərçivəsində bütün imkanlarını səfərbər edəcəklərini vurğuladı.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


 

Milli Məclisin
Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !