Hüseyn Kərimov : - Müasir "ağsaqqallar"...

Hüseyn Kərimov : Müasir "ağsaqqallar"...

Əcəb dövrə düşmüşük. Heç kim qocalmaq istəmir. Hamı cavan görünmək arzusundadır. Əvvəllər, elə indinin özündə də kişi cinsindən olan incəsənət adamları məsələn diktorlar, aparıcılar, müğənnilər və aktyorlar efirlərdə daim olduqlarına görə, insanların yaddaşında cavan qalmaq üçün saçlarını boyayırdılar.


Və bu tip insanlar artıq cəmiyyət tərəfindən normal qarşılanırdı. Çünki bu tələbat onların peşələrindən irəli gəlirdi. Əla, sözüm yoxdur. Yaxşı, bəs peşəsi heç də incəsənətlə bağlı olmayan kişilərin yaşının orta və ahıl çağında başlarına bığlalına və saqqallarına rəng qoymasını nə ilə izah edək? Əlbəttə biz "demokratiya" abu-havasında yaşayırıq və hər bir insanın seçiminə hörmətlə yanaşılmalıdır. Amma biz Azərbaycanlılarda ağsaqqal və ağbirçək deyilən anlam var ki, tarix boyu həmin status özündə müdriklik və hörmət əlamətlərini birləşdirirdi. Yəni hansısa ailələr arasında olan düşmənçiliyin aradan götürülməsində, yaxud qohumluq əlaqələrinin qurulmasında ağsaqqal sözünə daim ehtiyac olub. Daha doğrusu bu proseslər ağsaqqalın xeyir-duasıyla həyata keçirilirdi. Qarşı tərəflər ağsaqqalın verdiyi qərara heç şübhəsiz birmənalı olaraq əməl etməli idilər. Əks halda bu həddi aşma ağsaqqala qarşı bir hörmətsizlik kimi qəbul olunurdu. Və bunu edən hər bir kəs el içində hörmətdən düşürdü. Həmin adamla bütün əlaqələr kəsilərdi. Bir növ bu insan mənəvi olaraq həyatdan təcrid olunurdu. Amma müasir dövrümüzdə "internet əsrində" hər şey cırraşmağa doğru irəliləyir. Ağsaqqal, qarasaqqal anlamı şəhərlərdə yox olmaq təhlükəsi ilə üzləşir. Şükürlər olsun ki, bu virus hələ kəndlərimizə yoluxmayıb. Bakı ətrafı kəndlərdə və regionlarda qədim ənənələrimiz hələ də öz xüsusiyyətlərini və aliliyini saxlamaqdadır. Bəs niyə şəhərdə bu meyarlar itir -batır əriyir?...
Qeyd etdiyim kimi bəzi orta və ahıl yaşlı kişilərin təxəyyüllərindəki dəbi müasirləşdirərək "artıq" komplekslərdən azad olmaq cəhtləri, sonda milli dəyərlərə sağalmaz yaralar vurur. Axı nəvə necə yaşı altmışı ötmüş, amma başında və qaşında bir dənə belə ağ tükü olmayan adama baba desin? Hər halda uşağın yaddaşında baba silueti ağsaqqal bir ahıl qoca kimi canlanlanır. Ən azından yeni il şənliyində gördüyü Şaxta Baba onun dünya görünüşündə baba haqqında müəyyən fikirlər formalaşdırır. Ancaq evdə isə tamam başqa, qarasaçlı, cins şalvarda və iphone gəzdirən müasir bir baba ilə qarşılaşır. Indi gəl bu "ağsaqqalı" hansısa məsələnin həllinə müvəkkil et... Mən heç də zamanla ayaqlaşmanın əleyhinə deyiləm. Əksinə tərəqqi daim xeyir gətirib fikrini dəstəkləmişəm. Amma əzizlərim elə incə məqamlar var ki, onların keçmişlə olan bağlılığını qırmaq olmaz. Əksinə bu telləri daha da gücləndirmək və təbliğ etmək lazımdır. Çünki bu bizim tariximiz adət -ənənəmiz və mənəvi varlığımızdır. Gələcək nəslin sağlam ruhlu və mənən pak olmasını istəyiriksə, keçmişimizə nəinki hörmətlə yanaşmalı , onu göz bəbəyi kimi qorumalı və daim təşviq etməliyik. Əgər bu gün, gələcəkdə baş verə biləcək bəlalara yol açan fəsadların qarşısına sipər çəkməsək, sonda müasir "ağsaqqalların" sayının artmasının şahidi olacağıq...


Tanrı Azərbaycanı Qorusun!


Hüseyn Kərimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !