Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi -

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

 Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, son vaxtlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Bu günlərdə isə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Layihə vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, sahibkarlığın inkişafının stimullaşdırılmasını və əlverişli biznes mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Layihə barədə məlumat verən vergilər nazirinin müşaviri Natiq Şirinov bildirdi ki, layihədə nəzərdə tutulan vergi amnistiyası ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir və iki hissədən ibarətdir. Birinci hissəyə əsasən, vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinir.
İkinci hissəyə əsasən isə vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinir.
Belə ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə, ödənilməmiş 70 faiz borc silinəcək. Yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə ödənilməmiş 50 faiz, yanvar-mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildikdə isə ödənilməmiş 30 faiz borc silinəcək. Beləliklə, ümumi olaraq 44704 vergi ödəyicisinin 624 milyon manat borcu silinəcək.
İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Aydın Hüseynov və Maliyyə Nazirliyinin idarə rəisi Fikrət Şirinov müzakirə olunan sənədi yüksək qiymətləndirdilər. Bildirdilər ki, layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb və təcrübə göstərir ki, belə iqtisadi güzəştlər müsbət nəticələr vermişdir. Qeyd olundu ki, bu vergi amnistiyası çox aktual və vacib məsələdir.
Çıxışlar zamanı layihədə göstərilən 3 aylıq müddətin 6 ayadək uzadılması təklifi də irəli sürüldü. Bildirildi ki, müddətin uzadılması vergi amnistiyasının daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradardı.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Bununla da komitənin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !