ADU-da Azərbaycanın Parisdə döyünən ürəyi adlı tədbir keçirilib - + FOTO

ADU-da “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirilib + FOTO

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrasının təşkilatçılığı ilə jurnalist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik xatirəsinə həsr olunan “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirilib. Tədbirdə müxtəlif sahələrdə özünəməxsus dəsti-xətti ilə irs yaradan dahi şəxsiyyət Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, tələbələrin ifasında onun fransız dilinə tərcümə etdiyi “Arşın mal alan” operasından fransız dilində səhnəcik təqdim olunub, həmçinin “Qarabağ şikəstəsi” və “Xatırlayarsan” xalq mahnıları səsləndirilib. Tədbir çərçivəsində “Ədədi ezamiyyət” və “Durun gedək evimizə” sənədli filmlərində Ceyhun Hacıbəyli ilə bağlı fraqmentlərdən ibarət parçalar nümayiş olunub.
Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov Ceyhun Hacıbəylinin ictimai fəaliyyətindən danışaraq onun jurnalist, publisist, tərcüməçi kimi tanındığını, cavan yaşda “Azərbaycan” qəzetinin redaktoru olduğunu bildiriblər. Müstəqil Azərbaycan dövlətinin yaranmasının Ceyhun Hacıbəylinin ən böyük ideyası olduğunu diqqətə çatdıran çıxışçılar onun bu çətin, keşməkeşli yolda son nəfəsinə qədər mübarizə apardığını söyləyiblər. Onlar Ceyhun Hacıbəylinin I Dünya Müharibəsindən sonra dövlətlərin müstəqilliyinin təmin edilməsi məqsədi ilə keçirilən Paris sülh konfransına göndərilən nümayəndə heyətinin üzvü olduğunu xatırladaraq, onun bu konfransda əhəmiyyətli mövqeyindən söz açıblar. Sonda qonaqlar tədbirin təşkil edilməsini yüksək qiymətləndirərək əməyi keçən hər kəsə təşəkkür ediblər və belə görüşlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Ceyhun Hacıbəylinin seçilmiş insan olduğunu söyləyən Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov onun yaradıcı fəaliyyətindən danışıb. O, Ceyhun Hacıbəylinin müxtəlif sahələr üzrə istedadı ilə fərqləndiyini nəzərə çatdırıb, onun qardaşı Üzeyir Hacıbəyli ilə yazışmaları haqqında ümumi məlumat verib. Azərbaycanın müstəqilliyi uğrunda böyük işlər görən belə insanların xatirəsinin anılmasının zəruriliyini qeyd edən Sərdar Fərəcov tədbirin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra çıxış edən fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova Ceyhun Hacıbəyliyə həsr edilən tədbirin jurnalistin irsinə olan hörmətin göstəricisi kimi qiymətləndirib, onun mətbu orqanlarda ölkəmizin həm ictimai-siyasi həyatı, həm də mədəniyyəti ilə bağlı çıxış edərək Azərbaycan jurnalistikasını beynəlxalq aləmdə ilk təmsil edən publisistlərdən olduğunu deyib. Tədbirin əhəmiyyətini önə çəkən Zeynab Kazımova beynəlxalq jurnalistika ilə məşğul olanların onu özünə sələf seçə biləcəyini sözlərinə əlavə edib.
Sonda çıxış edən ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev və Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva görüşün unudulmaz şəxsiyyətlərimizi gənclərə tanıtmaq baxımından vacib olduğunu deyərək, tədbirin baş tutmasında əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !