ADU-nun professorunun tərcümə etdiyi kitabın təqdimatı keçirilib - + FOTO

ADU-nun professorunun tərcümə etdiyi kitabın təqdimatı keçirilib + FOTO

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş italiyalı alim Umberto Ekonun “Gənc romançının etirafları” adlı müasir ədəbiyyata dair mühazirələr toplusu kitabının təqdimatı keçirilib.
Təqdimatda Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova, rektorun səlahiyyətli nümayəndəsi Tofiq Quliyev, kafedra əməkdaşları və tələbələr iştirak edib.
Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Həmidə Əliyeva Umberto Ekonun həyat və yaradıcılığı haqqında məlumat verib, dosent Ülviyyə Məmmədova isə tərcümə olunmuş kitab və onun tərcümə metodlarından danışıb.
Sonra kitabı Azərbaycan dilinə tərcümə etmiş professor Azad Məmmədov kitabdan, tərcümə prosesindən, rastlaşdığı çətinliklərdən və yeniliklərdən söz açıb. 2011-ci ilin sentyabrında xaricə səfəri zamanı kitabla tanış olan professor kitabın içindəkiləri nəzərdən keçirərkən ədəbiyyat nəzəriyyəsi ilə bağlı olduğu üçün tərcümə etmək qərarına gəldiyini söyləyib. ABŞ-ın Emori Universitetində oxuduğu mühazirələrdən ibarət Harvard Universitetinin nəşriyyatında çap olunan kitabın yalnız ədəbiyyat nəzəriyyəsi haqqında deyil, həmçinin mətnin semiotikası, dilçilik, tərcümə məsələləri ilə bağlı mövzuları da özündə əks etdirdiyini deyən professor A.Məmmədov 2014-cü ildə kitabın IV fəslinin tərcüməsində Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Nərminə Zərgərovanın yardımçı olduğunu deyib. Kitab haqqında öz fikirlərini və müəllifin nəzərdə tutduğu fikirləri diqqətə çatdıran professor A.Məmmədov kitabdakı bəzi məlumatların latın dilində olmasının tərcümədə çətinliklər yaratdığını və bununla bağlı latındilli mütəxəssislərlə məsləhətləşməli olduğunu qeyd edib. 2015-ci ilin sentyabrında tərcüməsi yekunlaşmış kitabın redaktəsinin bir il müddətinə bitdiyini söyləyən professor kitabın 2016-cı ilin oktyabrında işıq üzü gördüyünü vurğulayıb. Kitabın tərcüməsi zamanı Azərbaycanda terminologiyanın inkişafına nail olmaq məqsədilə müəllifin fikirlərini tam dəqiqliklə azərbaycanlı oxuculara çatdırmağa çalışdığını bildirən professor A.Məmmədov kitabın ərsəyə gəlməsində köməklik etmiş şəxsləri xatırlayıb.
Daha sonra professor A.Məmmədova terminologiyaya verdiyi töhfələrə görə təşəkkürlərini bildirən iştirakçılar gənclərin onun kimi alimlərə ehtiyacı olduqlarını qeyd ediblər və xoş arzularını dilə gətiriblər.
Tədbir iştirakçıları və tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !