Azay Quliyev: - Ermənilər Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər

Azay Quliyev: “Ermənilər Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər”

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisdə akkreditə olunan jurnalsitlər üçün brifinq keçirib. Deputat “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı ətraflı məlumat verib.
Sülh Platformasının yaranması barədə danışan A.Quliyev qeyd edib ki, təmas xəttində aprel döyüşləri Azərbaycan-Ermənistan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status-kvonu dəyişdi. Onun sözlərinə görə, aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif ediblər.
ATƏT PA rəsmisi Ermənistan və Azərbaycan prezidentlərinə ünvanlanan müraciətdən də bəhs etdi: “Müraciətdə uzunmüddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir”.
A.Quliyev dedi ki, Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan isə 3 QHT 7 noyabrda yaradılan Platformanın təsisçiləridir.
Erməni tərəfin Platformaya bu qədər çox maraq göstərməsinin səbəblərinə gəldikdə, A.Quliyev bunları bildirdib: “Əvvəla, əksər ermənilər artıq başa düşür ki, Köçaryan-Sərkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə, yəni qondarma DQR”in dünya tərəfindən tanınacağı, bu mübarizənin erməni xalqına xoşbəxtlik və rifah gətirəcəyi haqda söylədikləri özünü doğrultmadı. Tam əksinə, “DQR” onlara göz yaşı, övlad, qardaş və ata itkisi, yoxsulluq və faciədən başqa heç nə vermədi. Ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının ilk onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən bu platformaya qoşulublar və bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar. İkincisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər. Üçüncüsü, isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər. Ona görə də ermənilər tez bir zaman ərzində münaqişəni sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər. Bu baxımda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sərkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər.
Platformaya qoşulan ermənilərə Sarkisyan rejimi tərəfindən niyə divan tutulur?
A.Quliyev dedi ki, Ermənistan rəhbərliyi bütün gücünü səfərbər edib ki, bu platformanın fəaliyyətini dayandırsın və sülh yaratma konsepsiyası iflasa uğrasın: “Son 3 gündə mətbuat vasitəsilə ”Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir. Bunlar arasında erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhkükəsizlik orqanları tərəfindən həbs olunması, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmasını göstərmək olar".
ATƏT PA rəsmisi beynəlxalq reaksiyalara da toxundu: “İlk növbədə Avropa İttifaqının Bakidakı ofisinin rəhbəri səfir Malina Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm. Hesab edirəm ki, digər beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri də bu prosesə münasibət bildirməlidirlər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyim müraciəti bir daha təkrarlamaq istəyirəm. 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmayın, onların səsinə səs verin, Sülh platformasının fəaliyyətini dəstəkləyin və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğunuz mandatdan səmimi şəkildə istifadə edin. Belə bir fürsətin qaçırılmasını tarix heç kimə bağışlamayacaq”.
Qeyd edək ki, A.Quliyev Milli Məclisin 16 dekabr iclasındakı çıxışında həmkarlarına müraciət edərək, platformanı bütün beynəlxalq təşkilatlarda, ATƏT PA, AŞPA, NATO PA, Avronest PA, QDİƏTPA və digərlərində, o cümlədən xarici ölkələrlə yaradılan dostluq qruplarında təqdimatına və onların dəstəyini əldə etməyə çağırıb: “Eyni zamanda Azərbaycan ictimaiyyətinin də bu prosesdə fəal olmağa, bu təşəbbüsü həm daxildə, həm də xaricdə dəstəkləməyə çağırıram”.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !