Şirin xanım Kərimbəyli Şadiman : - NEFT ÇIXARAN NEFTÇİLƏRİN FACİƏLİ HƏYATI

Şirin xanım Kərimbəyli Şadiman : NEFT ÇIXARAN NEFTÇİLƏRİN FACİƏLİ HƏYATI

Mən dənizdə, Neft Daşlarında Geofizikada işləməyə gedəndə 1985-ci il idi. Onda hələ Neft Daşlarının yaxşı günləri idi, estakadalar ciddi nəzarət altında idi, dənizdə iki tikinti idarəsi faliyyət göstərirdi, bu tikinti idarələri, tikilməli estakadaları, meydançaları yüksək səviyyədə tikir və neftçilərin istifadəsinə verirdi. Təmirə ehtiyacı olanları təmir edirdilər. O zaman ölkəni SSRİ idarə edirdi, neftimiz bəyənmədiyimiz, öz istiqlalımız uğrunda mübarizə apardığımız Moskvanın idarəçiliyi altında idi. Etiraf etmək lazımdır ki, o zaman insanlarımız bu sayda dənizə qərq olmurdu, təsadüfü, ara-sıra qəzalar olurdu, amma bu qəzalar çox saylı insan itgisi ilə nəticələnmirdi, çünki insanların təhlükəsizliyi tam nəzarət altında idi. Dənizdə tikinti sahəsində çalışanlardan tutmuş digər sahələr də daxil olmaqla Xəzərdə işini bilən mütəxəsislər çalışırdı. Dənizin tufanları qoynunda çalışan insanların həyatına məsul olan şəxslər öz məsuliyyət hissini dərindən dərk edirdilər. Qurudan fərqli olaraq insanlar dəniz üzərində qurulmuş estakadaların üzəri ilə iş yerlərinə daşınırdılar. Bu estakadaların üstündə ağır tonlu maşınlar hərəkət edirdi, biz güclü tufanları görürdük, amma bu tufanlar insan itgisinə gətirib çıxarmırdı, bunun başlıca səbəbi o idi ki, insan varlığına diqqət var idi. İnsan varlığı, hər bir neftçinin həyatı neft gəlirlərindən istifadə edən ölkə üçün çox dəyərli idi. Neftçilər üçün üç 300-400 nəfər adamı daşıyan gəmi, Bakı dəniz limanı ilə Neft Daşları arasında işləyirdi, insanlar çox rahat şəkildə basabassız işə gedib gəlirdilər, paytaxtdan uzaqda yaşayanlara helikopterlər (vertolyotlar) xidmət edirdi, (Damba) Gürganla Neft Daşları arasında kiçik tutumlu gəmilər işləyirdi, iri tutumlu gəmilərə hövsələsi çatmayanlar helikopterlərə üz tuturdu, təmənnasız, çətinlik çəkmədən insanlar sahilə daşınırdı. Bir sözlə neftçi əməyinə misilsiz hörmət və qayğı var idi. Neft Daşlarında faliyyət göstərən kitabxanaya demək olardı ki, hər gün təzə qəzetlər gəlirdi, kitab dükanında daimi təzə kitabların satışı təşkil olunurdu, bir sözlə dənizdə işləyən insanların maddi və mənəvi durumu ən yüksək səviyyədə idi.


Mən 2007-ci ildə həyat yoldaşımla iş yerini tərk edib, könüllü təqaüdə gedəndə artıq Neft Daşlarının ağlar günləri bir neçə il idi ki, başlamışdı. İnsanların dənizdən gediş-gəlişi çətinləşmişdi, 3 iri tutumlu gəminin biri sovetlər dağıla-dağılda, artıq öz ömrün başa vurdu deyib onu sıradan çıxartmışdılar. Artıq helikopterlər insanlara əvvəlki kimi xidmət etmirdi, helikopterlərlə idarə rəisləri, bir də Günəşli yatağında işləyən neftçilər gedirdilər, qalan camaat isə iki gəminin, bir də sovetdən qalma sınıq-sökük kiçik tutumlu gəmilərin ümidinə qalmışdı. İki gəmini də biri xarab olub təmirə dayananda onun təmiri düz 6 ay çəkirdi, insanların əzablı günləri başlayırdı, onlar hər vəchlə iş yerinə vaxtında çatıb idarə rəhbərlərindən töhmət almamaq üçün mütləq gəminin içərisinə özünü salmalı idi, zəiflər, abır-həyasına bükülənlər arada sıxılıb əzilirdilər, hətta dəfələrlə basabas zamanı ölüm hadisləri də olmuşdu. Bir də qeyd edirəm ki, bütün bu dəhşətli günlər biz müstəqilliyimizi qazanan gündən sonra başladı.


Ölkənin əsas gəlirinin qarntı olan neftçini çəkdiyi zülmü mən öz gözlərimlə görmüşəm, çünki mən də onlardan biri kimi o yolu gedib-gəlirdim. Artıq biz ordan çıxdığımız illərdə neft meydançaları və estakadaların bir çoxu öz ömrünü başa vurmuşdu. İstər Günəşli yatağı, İstər Neft Daşları, istər Abşeron neft, istər Nərimanov neft Sovet dövüründə tikilmiş və öz ömrünü yaşamış meyadançalar və estakadalardan ibarətdir.


SOCAR-a məxsus və Sovet dövründə istismara verilmiş meydançalarda işləyən neftçilər Allahın ümidinə qalıb. Bu meydança və estakadalarda heç bir təmirdən söhbət getmədiyi üçün oradakı hər kəs hər an ölüm təhlükəsi ilə üzə-üzədi.


Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində şiddətli, güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub və 10 nəfər neftçi sulara qərq olub...


Biz hələ keçən il bu vaxtlar Günəşli yatağında 30 nəfərin ölümüylə nəticələnmiş faciənin ağrılarını unutmamış növbəti faciə ilə qarşılaşdıq. Baş verən bu dəhşətlərə cavabdeh adamlar niyə susur? Niyə neftçi əməyinin nəticəsi neftçinin ölümü bahasına başa gəlməlidi? Çürümüş dəmir dirəkləri rəngləyib üstünə təmir adı qoymaq hansı məntiqə sığır?! Biz müstəqillik qazanandan sonra bu qədərmi sağlığımız cavabdeh şəxslərin gözündə ucuzlaşdı?! Bəlkə doğrudan da millət olaraq biz bir-birimizə düşmən kəsilmişik. Yoxsa biz hər yeni ili matəmləmi qarşılamalıyıq?!


Bu gün kimlərinsə məsulliyyətsizliyi, laqeyidliyi, haramxorluğu ucbatından 10 ailənin çırağı söndü, ata yolunu gözləyən övladlar gözü yaşlı qaldı. Neftin barını yeyib, pulunu sağa-sola xərcləyib kef edənlər içlərində olan vicdan deyilən bir məfhumun qışqırtısını eşitdilərmi?! Harama dadanıb millətin ağrı-acılarını veclərinə almayanlar, Tanrı hər birimizə bir ömür əta edib. Sizlər ömür adlı Allah mükafatını xətalarla, günahlarla boyamayın, bilin ki, heçnə elə belə deyil, bir körpənin yetim qalması və yetimin naləsindən doğan göz yaşı heç zaman yerdə qalmaz, o nalə, o göz yaşına səbəb olanları gurşadına batırar. Bax o batacağınız günü düşünün. Sizlərin də balaları var, amma o balalar keflə, cah-calalla yaşayır, nefçi sizdən cah-calal istəmir, istəsə də siz ona qıyan deyilsiz! Öz haqqın istəyir, onun haqqı təhlükəsiz işə gedib, sağ-salamat evinə dönməkdən ibarətdir. Bu haqqı sizlər təmin etməlisiz, çünki sizlər cavabdeh şəxslərsiz!


Yazımın axırında, cənab Rövnəq Abdullayev, sizə üzümü tutub deyirəm ki, siz özünüz də dənizdə təmir-tikinti işindən SOKAR-in prezdenti vəzifəsinə yüksəlmisiniz. Siz yaxşı bilirsiz, dənizdə estakadaların ömrü neçə ilə hesablanıb, özünüzə rəva bilmədiyinizi başqalarına da rəva bilməyin...Onu da bilin ki, xalqın gözü tərəzidi, onun gözündən heçnə yayınmır, xalqın isə nifrətini qazanmaq heç bir kəsə xeyir gətirməyib, ziyandan savayı...


Ölkəyə milyardlarla xeyir verən ölkənin yeganə dolanışıq yeri neftdir. Nefti çıxaran neftçini faciəli həyatla baş-başa buraxmaq ən böyük qəbahət, ən böyük günahdır. Neftçiləri dənizdə batırıb onlara abidə qoymaq lazım deyil, onlara can sağlığı lazımdı. Neftçilərin canlarının sağ olması üçünsə işlədikləri yerlərdə təhlükəsiz meydançalar və estakadalar gərəkdir. Günahkarlar cəzaların almasa və bu problemlər kökündə yoluna qoyulmasa, deyəsən bu faciələr tez-tez baş verəcək. Əlqərəz, nə Xəzər küləksiz olan deyil, nə estakada və meydançalar öz-özünə təzədən tikilən deyil. Bu məsuliyyəti daşıyan şəxslər, neft çıxaran neftçilərin faciəli həyatına son qoyun. Onların halal zəhmətinin bəhrəsini yeyirsiz...Allahdan qorxun, hay-hayla gələnin vay-vayla getməyi də var, bunu heç unutmayın! Sizlərə deyəcəyim bu qədər...


16.12.2016
Şirin Xanım Kərimbəyli Şadiman


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !