Qubadakı Günbəzli hamam da təmir işləri gələn ilin may ayında yekunlaşacaq - + FOTO

Qubadakı “Günbəzli hamam”da təmir işləri gələn ilin may ayında yekunlaşacaq + FOTO

Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası davam etdirilir. Qədim tikilidə rekonstruksiya işlərinin 60 faizi yekunlaşıb.

 

AZƏRTAC xəbər verir ki, “Günbəzli hamam”ın yenidən qurulması 2017-ci ilin may ayında başa çatacaq. İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadının yenilənməsi prosesi artıq tamamlanıb. Hazırda isə binanın dam örtüyü dəyişdirilir, divarlardakı çatlar təmir olunur.

 

Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

İş icraçısı İsrail Cabbarov bildirib ki, tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Təmir və yenidənqurma işləri qədim hamamın daxilində də aparılır. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq.

 

Qeyd edək ki, “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.

 

1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

 

Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.

 

Fotolar AZƏRTAC-ındır 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !