Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu təsdiq edilib -

Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu təsdiq edilib

Son illər vergi inzibatçılığında informasiya texnologiyalarının geniş tətbiqi və Vergilər Naziriyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanlarının genişləndirilməsi vergi ödəyicilərinə göstərilən xidmlətlərin kəmiyyət və keyfiyyətinin artırılmasına, geniş elektron xidmətlər təqdim edilməsinə şərait yaratmaqla yanaşı, vergi xidmətində yaradılan, toplanılan və mübadilə edilən məlumatların və sənəd dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu da öz növbəsində, vergi orqanları tərəfindən istifadə olunan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, onların təhlükəsiz idarə edilməsi, kommersiya sirri təşkil edən məlumatların qorunması üzrə daha təkmil vasitələrin tətbiq edilməsi zərurətini meydana çıxarıb.

 

İnformasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnformasiya Təhlükəsizliyinin İdarəetmə Şurası tərəfindən qısa müddət ərzində bu sahədə konkret tədbirlər həyata keçirilib, informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə beynəlxalq standartların tətbiqi istiqamətində də işlər görülüb. Görülən işlərin nəticəsi olaraq, Şura tərəfindən informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin (İTİS) 31 Qaydası təsdiq edilib.

 

Vergilər Nazirliyi informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq sertifikasiyadan keçirilməsi təşəbbüsü ilə çıxış edib və 2015-ci ildə Britaniya Standartları İnstitutu (BSİ) Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi sahəsində auditini həyata keçirib. Auditin nəticələrinə görə, informasiya sistemi təhlükəsizliyinin standarta uyğunluğu müəyyən edilib. Beləliklə, Vergilər Nazirliyi beynəlxalq sertifikasiyadan keçərək İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri İSO/İEC 27001:2013 beynəlxalq sertifikatına layiq görülmüşdür.

 

Razılaşdırılmış qrafikə uyğun olaraq, informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin tələb olunan beynəlxalq standarta uyğunluğunun yoxlanılması məqsədilə 2016-cı ildə Britaniya Standartları İnstitutu növbəti nəzarət auditi keçirib. Audit zamanı uyğunsuzluq aşkar edilməyib və informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin mövcud vəziyyəti bir daha təsdiq edilib.

 

Qeyd olunmalıdır ki, ötən dövr ərzində Vergilər Nazirliyinə xidmət göstərən müstəqil təsərrüfat subyektlərinin də müvafiq sertifikasiyadan keçməsi istiqamətində tədbirlər həyata keçirilib və belə təsərrüfat subyektlərindən biri artıq İSO 20000 sertifikasiyasından uğurla keçərək həmin sertifikata layiq görülüb. Bu sertifikat nəinki Vergilər Nazirliyində, həmçinin, ona xidmət göstərən müstəqil təsərrüfat subyektlərində də informasiya təhlükəsizliyinin qorunması işinin beynəlxalq təcrübəyə əsaslanmaqla həyata keçirildiyini və yüksək tələblərə cavab verdiyini göstərir.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !