- Deputat Əflatun Amaşov informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasının zəruriliyindən söz açıb

Deputat Əflatun Amaşov informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasının zəruriliyindən söz açıb

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasının zəruriliyindən söz açıb.
2017-ci il üçün və qarşıdakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası ilə bağlı məqamlara toxunan Ə.Amaşov bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişaf prioritetlərindən biri kimi ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi göstərilib. “Həmçinin ümumdünya elektron informasiya məkanına inteqrasiya da diqqətimi çəkdi. Belə vacib məsələlərin hələ də prioritet olaraq qalması və üzərindən bir cümlə ilə keçilməsi mənə qəribə gəlir. Proqnoz verilirsə, sahə öyrənilməli, kifayət qədər əhatəli proqnoz verilməlidir. Hətta sırf informasiya təhlükəsizliyi məsələsi ayrıca göstərilməlidir. Hesab edirəm ki, konkret bu istiqamətdəki fəaliyyət informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasına köklənməlidir. Bu, olduqca aktualdır”, - deyə deputat fikrinə aydınlıq gətirib.

 

 


***

 

 

“Jurnalistika ölkədə ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır. Bizim bu gün bu salonda səsləndirdiyimiz fikirlərin cəmiyyətə obyektiv çatdırılması jurnalistlərdən çox asılıdır. Ölkəmizin dünyada təbliği məsələləri də bu sahə ilə bağlıdır. Buna görə də hesab edirəm ki, biz jurnalistika ilə bağlı qənaət rejiminə keçməməliyik. Əksinə daha sistemli fəaliyyət göstərməliyik”. Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin bu gün 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş plenar iclasındakı çıxışında deyib.
Büdcə layihəsi üzərində kifayət qədər işin aparıldığını deyən Ə.Amaşov bildirib ki, layihədə iqtisadi tarazlığı saxlamaq, ölkənin müdafiə qabiliyyətini daha da artırmaq, əsasən də vətəndaşların sosial rifahını diqqətdə saxlamaq əsas götürülüb. "Büdcə layihəsi sosialyönümlüdür və belə olması şərtdir. Hesab edirəm ki, sənəd ölkədə aparılan islahatların yeni dövr üçün prioritetlərini müəyyənləşdirəcək. İslahatların tezliklə bəhrəsini verəcəyinə inanıram. Bu baxımdan layihəni qənaətbəxş qiymətləndirirəm və ona səs verəcəm” deyən deputat bəzi qeydlərinin olduğunu da vurğulayıb. O, son bir ildə qəzet kağızının və çap xərclərinin kifayət qədər bahalaşdığını, KİV-lərin satışının zəif olduğunu, reklamdan gələn gəlirlərinin azlığını diqqətə çatdırıb. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı üzərinə Əlavə Dəyər Vergisinin tətbiqinə başlanılmasını da vəziyyətə neqativ təsir göstərən amil kimi qabardıb.
Ə.Amaşov 2017-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılmış vəsaitin artırılmasının zəruriliyini əsaslandırarkən internet medianın maliyyələşməsi ilə bağlı məsələyə də diqqət yetirib. O deyib ki, hazırda internet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. “Azərbaycanda təqribən 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edərdim ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2016-cı ildə olduğu kimi ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Ən azından əlavə 1 milyon manat məhz internet medianın maliyyələşməsi üçün ayrılmalıdır. Reklamı, heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq, vətənpərvərlik umulan bu biçarələr necə yaşamalıdırlar?”, -deyən deputat fikrinə aydınlıq gətirib.
Ə.Amaşov çıxışında həmçinin büdcə xərclərinin istiqamətlərində bir sıra məqamlara da diqqət yetirib: “Büdcə xərclərinin istiqamətlərindəki 8.7.2-ci sıra nömrəsi üzrə radio, televiziya və nəşriyyat xərcləri nəzərdə tutulub. Məbləğ 57 milyon 81 min 310 manatdır. Rəqəmin böyüklüyü diqqət çəkir. Ancaq məsələ burasındadır ki, göstərilən rəqəmin real vəziyyətə təsiri yoxdur. Radio və televiziya dedikdə dövlət büdcəsi hesabına fəaliyyət göstərən kütləvi informasiya vasitələri nəzərdə tutulur. Nəşriyyat nədir bəs? Dövlətin nəşriyyat xərcləri böyük ola bilər. Bu xərclər azaldıla da bilər. Sözüm ondadır ki, radio və televiziya işlənilirsə, biz ya bu sayaq media vasitələrinə, ya da real olaraq ümumən KİV-lərə ayrılmış vəsaitin miqdarı barədə təsəvvürə malik olaq. Real vəziyyəti əks etdirən rəqəmi isə qeyd etdim - 4 milyon manat”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !