Akif Ağayev : - İSTEDADLI, ZƏHMƏTKEŞ QƏDİM SƏNƏT BƏLƏDÇİSİ

Akif Ağayev : İSTEDADLI, ZƏHMƏTKEŞ QƏDİM SƏNƏT BƏLƏDÇİSİ

Onunla görüşəndə dünənimizdən bu günə yadigar qalan sənət növü ilə əlaqəli yazı hazırlamaq istəyimi bildirdim. Lakin şahidi olduğum mənzərə məni tamam çaşdırdı. Həyata, təbiətə, insanlara sevgisini, duyğularını ağ tabloya hopdurmağa çalışan müsahibim əlində fırça molbert (rəsm çəkmək üçün brett lövhə) önündə özünəməxsus şəkildə işləyir – sakit, təmkinli...
Doğrusu İlhamın rəssamlıq qabiliyyətindən xəbərsizdim. Kətan üzərində yaratdığı rəngkarlıq nümunələri heç də peşəkar rəssam əsərlərindən fərqlənmir. Sanki hər şey təbii və düşündürücüdür. Danışmağı sevməsə də, süjetli boya rəsmləri, maraqlı natürmortlar həmsöhbətim olur. Bu gün daha yaxından tanıdığım İlham dünyasının seyrçisinə çevrilirəm. Xoş hisslərlə təəssüratlanıram. Müxtəlif səpkili mövzularda çəkdiyi rəsmlərdə lirik lövhələr, peyzaj və təbiət hadisələri yer alır. Məşhur rəssamlar deyir ki, atın rəsmini çəkmək çətindir, mürəkkəbdir. Şahə qalxır, düşür. Çevikdir, hər tərpənişdə əzələlərin vəziyyəti dəyişir. Bununçün müşahidə, təcrübə tələb olunur. Məncə İlham bunun da öhdəsindən qismən gəlib.
Görəsən onu rənglər dünyasına aparan yol hardan başlanır? Əsasən son 5 ildə bu sahədə özünü təkmilləşdirən həvəskar rəssam deyir ki, ilk rəsmini 7 yaşında çəkib. Hətta uşaqkən gördüyünü, hiss etdiyini ağ kağız üzərində təsvir etməyə çalışan İlhamın bu istedadına inanmayıblar da. Kaş ki, inanıb həvəsləndirəydilər. Bəlkə də Azərbaycan İqtisad Universitetini deyil, Rəssamlıq Akademiyasını bitirərdi...
Hazırda “Azəravtoyol” ASC 47 nömrəli Yol İstismarı MMC-də kadr müvəkkili kimi çalışan İ.Babayev işdən sonra başqa məşğuliyyətlərə də vaxt tapa bilir. Sevib-seçdiyi sənətə həvəslə yanaşır ki, hər birinə vaxt ayırır. Çünki hər şey içdən gəlir.
Ötən əsr Masallının Ərkivan kəndində (Bağlakücə məhəlləsində) azərbaycanlıların məişətində geniş yayılmış sandıqçılıq sənəti ilə məşhur olan ustalar çox olub: Əkbər, Şəkur və Gülbaba Babayevlər, Daşdəmir Əzimov, Məmmədəli Əzizov, Kazım Kazımov, Əhmədəli, Məmmədhüseyn, Əlihüseyn Əzizovlar, Mirmahmud Talıbov və başqaları.
Bu gün də qəsəbədə qədim sənət ənənəsini yaşadan səriştəli sənətkarlar çoxdur. Dolanışığını, gün-güzəranını halal zəhmətlə tənzimləyən bu əməksevər insanların əl işləri hər il rayon və respublika mədəniyyət tədbirlərində sərgilənir, haqlarında televiziya filmləri çəkilir. Çoxunun bələdçiliyi ilə övladları da bu sənətə könül verib.
Valideynlərindən görüb-götürdüklərini sənət incilərinə çevirən layiqli varislərdən olan İlham Əkbər oğlu ata-baba sənətini davam etdirir. Beləcə unudulmaqda olan milli kaloriti əks etdirən sənət nümunəsinə yeni bir ruh, gözəllik bəxş edir. O, işindən məmnundur.
Usta əsasən müxtəlif ölçülü, səthi zərif həndəsi və nəbati naxışlarla, dahi şəxsiyyətlərin rəsmləri ilə bəzədilən sandıqlara üstünlük verir. Sandığın xarici görünüşü zövqünə uyğun olsun deyibən üzərinə bəy-gəlin, nar, nar ağacı, ceyran şəkilləri və müxtəlif bəzəklər vurur. İlham deyir ki, nar birlik, bütövlük, ailə, ceyran isə qız rəmzi kimi məna kəsb edir. İç hissəsi divar kağızı, bəzən məxmər parça ilə örtülür. Usta sandıqla yanaşı mücrülər də (kicik sandıq) düzəldir.
Övladları da bu sənətin sirlərinə yiyələnib. Onlar bacarıqda atalarından heç də geri qalmırlar. Hazırda hərbi xidmətdə olan Rövşən də atası kimi ali təhsilli iqtisadçıdır. Bakı-2015 I Avropa Oyunlarında könüllülük fəaliyyətinə görə təşkilatçılar tərəfindən Fəxri fərmanla təltif edilib. BDU-nun IV kurs tələbəsi Rəşadın eyni zamanda qrafika janrında çəkdiyi rəsmlər də diqqət cəlb edir.
İlham deyir ki, sandıqçı eyni zamanda rəssamlıq qabiliyyətinə malik olmalıdır ki, sifarişçinin zövqünü oxşasın. İndi mebel istehsalı çoxaldıqca ənənəvi sənət növlərinə münasibət dəyişib. Bu da adət-ənənələrimizin əldən getməsinə səbəb olur.
İnsan bilik və bacarığını həyatın müxtəlif sahələrinə tətbiq etməklə ondan yararlanır. Yaradıcı təfəkkürünü inkişaf etdirir. Bu gün 48 yaşlı İlham Babayev sənət nümunələri yaratmağa, adət-ənənəmizi yaşatmağa çalışır. Qədim sənət bələdçisi eyni zamanda zəngin təbiətimizin özünəməxsus əlvanlığını, gözəlliklərini tərənnüm etməyə, rənglərlə danışmağa cəhd edir.

 


Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AKİF VAQİFOĞLU,
MASALLI. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !