AzTU-da İKT sahəsinin mövcud problemlərinin və inkişaf perspektivlərinin müzakirə olunacağı Beynəlxalq elmi-texniki konfrans keçirilir - + FOTO

AzTU-da İKT sahəsinin mövcud problemlərinin və inkişaf perspektivlərinin müzakirə olunacağı Beynəlxalq elmi-texniki konfrans keçirilir + FOTO

Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda AzTU-nun rektor əvəzi Xalıq Yahudov ölkəmizdə İKT-nin mövcud vəziyyətindən söz açaraq ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. Rektor əvəzi bildirib ki, İKT sahəsi bu gün də Azərbaycanda prioritet sahələrdəndi. Xalıq Yahudov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanılıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir. Azərbaycan Texniki Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan rektor əvəzi qeyd edib ki, bu sahədə peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan universitet İKT istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub.
Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bu gün İKT-nin bütün sahələri əhatə etdiyini vurğulayaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev isə informasiya texnologiyalarının gələcəkdə daha da qlobalaşacağını bildirib.
Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə və digər çıxış edən natiqlər də İKT-nin önəminə toxunaraq konfrans iştirakçılarından böyük gözləntilərin olduğunu vurğulayıblar və AzTU-nun İKT sahəsinə verdiyi tövhələrdən danışıblar.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nazir müavini İltimas Məmmədovun “Azərbaycanda İKT infrastrukturunun inkişaf meylləri” mövzusunda məruzəsi dinlənilib. İltimas Məmmədov son illər ölkədə İKT infrastrukturunun xeyli inkişaf etdirildiyini bildirib.
Konfransın plenar iclasının digər məruzəçiləri Türkiyənin MilSOFT şirkətinin təmsilçiləri Tolqa Çelik və Devrim Yüksəl isə “Yeni bilgi teknolojilerinin savunma alanında uygulamaları - MilSOFT yaklaşımı” mövzusu ilə çıxış ediblər. Məruzəçilər konfrans iştirakçılarına MilSOFT şirkətinin yeni nəsil texnologiyalarla bağlı araşdırmaları haqqında məlumat da verib.
Sonda AzTU-nun Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənov “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, noyabrın 25-ə kimi 6 bölmə üzrə davam edəcək beynəlxalq konfransın keçirilməsində məqsəd müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !