Quba rayonunda Ənənəvi İslam və multikultural dəyərlərin təbliği layihəsi uğurla icra olunur - + FOTO

Quba rayonunda “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” layihəsi uğurla icra olunur + FOTO

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Alekseyevka kəndində “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “İslamda multikulturalizm” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəsi Ramin Nəcəfov, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov, kənd ictimaiyyəti və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ənənəvi dinin və multikultural dəyərlərin xüsusilə gənclər arasında təbliğinin sülhə xidmət etdiyini və insanlar arasında radikalizmə meyillənmə hallarının azalmasına müsbət təsir göstərdiyini bildirib.
Daha sonra DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə ənənəvi din, İslam dinində multikultural və tolerant dəyərlərin əhəmiyyətindən danışaraq, bu dinin bütün bəşəriyyət üçün nazil olduğunu qeyd edib. Məruzəçi öz çıxışında ənənəvi dində sülhə və əmin-amanlığa verilən qiymətdən söz açaraq, bildirdi ki, İslam sözünün mənalarından biri də sülh anlamına gəlir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda mövcud olan tolerantlıq dünya dövlətləri tərəfindən tədqir və təbliğ edilir. Ölkəmizin tolerantlığın qorunduğu hüquqi və dünyəvi dövlət olduğunu bildirən E. Nurullayev məruzəsində Azərbaycanda dinə və dindarlara dövlət qayğısını da önə çəkib.
Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəsi Ramin Nəcəfov və Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirərək, ənənəvi din və multikultural dəyərlərin gənclər arasında təbliğinin böyük əhəmiyyət daşıdığını bildiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !