ADU-da Multikulturalizm və tolerantlığın Azərbaycan modeli: - öyrən, öyrət, təbliğ et mövzusunda tədbir keçirildi

ADU-da “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli: öyrən, öyrət, təbliğ et” mövzusunda tədbir keçirildi

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli: öyrən, öyrət, təbliğ et” mövzusunda seminar keçirildi.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov multikulturalizmin eyni ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət olduğunu dedi. D.Yunusov multikulturalizmin bəşəri və milli ideyaların birgə mövcudluğu, eləcə də multikultural dəyərlər sisteminin əhatə dairəsində olan xalqların milli identikliklərinin qorunması olduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışından danışan professor D.Yunusov ölkədə multikulturalizmin inkişafı istiqamətində Prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını xatırlatdı.
Seminarda ADU-nun Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva “Azərbaycanda tolerantlığın etnik mədəni aspektləri” mövzusunda mühazirə oxudu. Azərbaycanın etnik rəngarəngliyindən bəhs edən S.Əliyeva ölkəmizin coğrafi mövqeyi və təbii şəraiti, dini mədəni mühiti, burada yaşayan milli azlıqlar haqqında danışdı. Daha sonra S.Əliyeva Azərbaycanda tolerantlıq və onun formaları, tolerantlığa müxtəlif prizmadan baxış məsələlərinə toxundu.
Universitetin Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva “Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda çıxış etdi. Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə və bir-birinin azadlığına hörmət hissinin təşkil etdiyini deyən Ə.Abdiyeva bu anlayışın yaranma tarixindən danışdı. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsinin onun yüksək inkişaf mərhələsindən xəbər verdiyini deyən Ə.Abdiyeva multikulturalizmin əsas prinsipləri haqqında danışdı.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov çıxışında XX əsrin bəşəriyyətə görünməmiş elmi inkişaf, texniki sıçrayışlar gətirdiyini dedi. 1995-ci ildə mənzil qərargahı Parisdə yerləşən UNESCO-ya üzv dövlətlərin ali konqresində “Tolerantlıq prinsipləri bəyannaməsi”nin qəbul edildiyini deyən S.Həsənov 16 noyabr tarixinin “Beynəlxalq Tolerantlıq Günü” kimi təsbit edildiyini vurğuladı. O, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaranması və fəaliyyətindən danışdı.
ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov “Multikulturalizmin sosial psixoloji xüsusiyyətləri” mövzusunda çıxışında multikultural dəyərin millətimizdəki mövcudluğundan danışdı. Şəxsiyyətin psixoloji strukturundan danışan M.Məmmədov azərbaycanlılara dəyərli olan qonaq və qonaq otağı arxitipindən bəhs etdi. O, milli xarakterin formalaşmasında coğrafi mövqeyin rolundan danışaraq Azərbaycanın çoxsaylı iqlim şəraitində yerləşməsinin xalqımızın da müxtəlif etnik qruplarla asanlıqla ünsiyyət qurmasına gətirib çıxardığını qeyd etdi.
Universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev “Azərbaycanda multikulturalizmin əsasları” mövzusunda çıxış etdi. Çıxışında “Multikulturalizm fenomeni nə üçün əhəmiyyətlidir? Bu fenomen hansı səbəblərdən Azərbaycanın siyasi hakimiyyəti üçün önəm daşıyır?” suallarına aydınlıq gətirən A.Nağıyev multikulturalizmin əsasları haqqında danışdı. Çoxmədəniyyətliliyi və müxtəlif konfessiyaların cəmləşməsi ilə fərqlənən Azərbaycanda müxtəlif etnik qrupların öz milli identikliyini inkişaf etdirmək, ölkə ərazisində yaşayan bütün etnik qrupların maraqlarını təmin etmək məqsədi ilə davamlı siyasət aparıldığını deyən A.Nağıyev, həmçinin milli-quruculuq, demokratik quruculuq, sülh və əməkdaşlıq əsasları haqqında ətraflı məlumat verdi.
Doktor Vazeh Əsgərov “Azərbaycan almanları. Azərbaycanda ilk alman məskənlərinin salınması” mövzusunda çıxışında Rusiyanın işğalçılıq siyasətinin müxtəlif xalqların işğal edilmiş ərazilərə köç etməsinə gətirib çıxardığını və onların Azərbaycan torpaqlarında məşkunlaşdığını diqqətə çatdırdı. Alman xalqının nümayəndələrinin Qafqaza köç etməsinin əsas səbəblərindən bəhs edən V.Əsgərov ilk alman mühacirlərinin Azərbaycan ərasizində rəsmi olaraq yerləşdirilməsi, koloniyaların yaradılması prosesindən söz açdı.
ADU Tələbə Həmkarlar Təşkilatının (THT) sədri Aytəkin Mehdiyeva “Din və konfliktlərin multikulturalizmdə gələcəyi” mövzusunda çıxış etdi. Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağının tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu yer olduğunu söyləyən A.Mehdiyeva hazırda ölkəmizdə qeydiyyatdan keçmiş dini icmalar haqqında danışdı. O, uzun illərdir müxtəlif dini icmaların, konfessiyaların nümayəndələrinin heç bir münaqişəyə yol vermədən, qarşılıqlı anlaşma şəraitində birgə yaşamalarının ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi olduğunu dilə gətirdi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !