SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA -

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Əhliman Əmiraslanov deputatları “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə tanış etdi. O, qeyd etdi ki, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. 15 il əvvəl ölkədə insan orqan və toxumalarının transplantasiyası əməliyyatları yox səviyyəsində olsa da, bu gün artıq qara ciyər, böyrək, bəzi orqan və toxumaların, gözün müxtəlif hissələrinin transplantasiyası əməliyyatları sıx-sıx həyata keçirilir. Yaxın gələcəkdə ölkədə ürək transplantasiyasının həyata keçirilməsi də mümkün olacaq. Komitə sədri vurğuladı ki, sənəddə dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə aparılıb. Bildirildi ki, insan orqanlarının transplantasiyasına aid reklamın yayılmasına qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə icazə veriləcək.
Sonra komitə üzvləri “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi müzakirə etdilər. Layihəyə əsasən, Azərbaycanda həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Reklamverici reklam istehlakçısına və yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sertifikatın, preparatın dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, istifadəyə dair təlimatın, məlumat tədqiqatları haqqında sənədin surətlərini təqdim etməlidir.
Çıxış edən millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinin qadağan edilməsi ilə bağlı fikirlərini bildirdilər. Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda “Psixoloji yardım haqqında” qanun layihəsinin ilkin müzakirəsi də keçirildi. Sənəd haqqında ətraflı məlumat verən komitə sədrinin müavini Musa Quliyev və Məlahət İbrahimqızı bildirdilər ki, bu qanun psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənədə əsasən, vətəndaşlığı olmayan şəxslər də psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edə bilərlər. Psixoloji yardım alan şəxslərin arzusu ilə o, anonim göstərilə bilər. Sənədə əsasən psixoloq işləmək istəyən şəxsin klinik psixologiya üzrə magistr dərəcəsi olmalıdır.
Komitə üzvləri Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva ilə yanaşı iclasda iştirak edən Ədliyyə, Gənclər və İdman, Təhsil nazirliklərinin, tibb müəssisələrinin, psixoloji-analitik mərkəzlərin nümayəndələri, gənc tələbə-psixoloqlar sənədlə bağlı fikirlərini bildirdilər, qanun layihəsinin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !