MİLLİ MƏCLİSDƏ ANA VƏ UŞAQ ÖLÜMLƏRİ MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ -

MİLLİ MƏCLİSDƏ ANA VƏ UŞAQ ÖLÜMLƏRİ MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

Oktyabrın 24-də Milli Məclisin Səhiyyə komitəsinin Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə təşkil etdiyi “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda Dəyirmi masa keçirildi.
Tədbiri açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ailə sağlamlığının qorunması sahəsində görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışdı. O, bildirdi ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülür. Qeyd olundu ki, hər il dünyada yarım milyon ana doğuş zamanı ölür. 50 faizi Afrika qitəsində yaşayanların payına düşən bu hadisələrin inkişaf etmiş ölkələrdə göstəricisi cəmi 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Komitə sədri vurğuladı ki, əslində, bu ölümlərə təsir edən ciddi tibbi faktorlar var. Bu gün uşaq ölümlərinin əsas səbəbi sayılan pnevmaniya, malyariya kimi xəstəliklər, qida çatışmazlığı və səhiyyə problemləri demək olar ki, tamamilə həll edilə bilən prosesdir. O, ölkəmizdə ana və uşaq ölümləri göstəricilərinin tamamilə azaldığını diqqətə çatdırdı, bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətinin həkimlərin üzərində qalmasını da doğru hesab etmədiyini bildirdi. Bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyindən söz açdı.
Tədbirdə iştirak edən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, 2000-ci ildə BMT Baş Məclisinin keçirdiyi Minilliyin İnkişaf Sammitində dünyanın qlobal problemlərini əks etdirən İnkişaf Məqsədləri adlı sənəd qəbul edilmişdir. Bu sənədin əsas tutduğu normalar və hədəflər üzv ölkələr üçün əsas yol xəritəsi oldu. Ölkəmizdə ötən dövr ərzində bu məqsədlərin həyata keçirilməsində böyük uğurlar əldə edilmişdir. Sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Belə tədbirlərin sıx-sıx keçirilməsini alqışlayan vitse-spiker diqqətin daha çox problemlərin həllinə yönəldilməli olduğunu və səylərin birləşdirilməsinə çalışmağın vacibliyini vurğuladı. Qeyd olundu ki, hazırda ölkəmizdə səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü normativ aktlar formalaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə tərəfindən Ailə Strategiyası hazırlandığını, sənəddə ailənin, qadınların və uşaqların sağlamlığının qorunması kimi məsələlərin olduqca əhatəli əks olunduğunu diqqətə çatdırdı. Hicran Hüseynova bu sahədə uğurlu nəticənin əsasını icra strukturları ilə qanunvericilik və məhkəmə sistemi arasında güclü əməkdaşlığın təşkil etdiyini bildirdi. O, ailə hüquqlarının qorunması, qadın sağlamlığının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin bir çox ölkələrdə öyrənilməsi üçün müraciətlər aldıqlarını qeyd etdi.
İclasda millət vəkili, Avropa Parlament Forumunun Əhali artımı və İnkişaf üzrə icra komitəsinin üzvü Məlahət İbrahimqızı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, millət vəkili Sahibə Qafarova, Əhali artımı və İnkişaf üzrə Avropa Parlament Forumunun prezidenti Urlika Karlos, Forumun Baş katibi Neil Data və başqaları çıxış etdilər.
Çıxışlarda Azərbaycanda reproduktiv sağlamlıq, bu sahədə qanunun qəbulu üçün lazımi işlərin görülməsi, ailə sağlamlığı sahəsində əldə edilən uğurlar və problemlər, reproduktiv sağlamlığın beynəlxalq qaydaları haqqında fikirlər bildirildi.
Toplantı müzakirələrlə davam etdirildi, tədbirə qatılan həkimləri, QHT nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !