Sona Vəliyeva : - YOL BAŞLAYIB GEDƏN KARVAN

Sona Vəliyeva : YOL BAŞLAYIB GEDƏN KARVAN

Bir budaq kölgəyə möhtac,
Bir bulud yağışa ac,
Dərdinəmi gəzir əlac,
Düşübdü çöllü-biyaban,
Yol başlayıb gedən karvan.

 

Bir yolçuluq köhnə mərəz,
Arxadan harayım yetməz,
Getdiyi yol gedər-gəlməz,
Sən nigaran, yol nigaran,
Yol başlayıb gedən karvan.

 

Dünya oyun ötür-ötür,
Yükün əyər, yüngül ötür,
Sən Allah, məni də götür,
Yarıyaq bu yoldaşlıqdan
Yol başlayıb gedən karvan.

 

Bu nə tale, bu nə hikmət,
Itən torpaq, ya da ki bəxt.
Görəm, görməyəm, ya qismət,
Gətirəsən çarə, dərman,
Yol başlayıb gedən karvan.

 

Ağ dəvənin üstə gözəl,
Gözündən yaş xəzəl-xəzəl.
Ölüm doğulmadan əzəl,
Qəribliyi, dərdi dastan,
Yol başlayıb gedən karvan.

 

Səhra uzun, yağış, külək,
Bu mənzilə kəsə gedək,
Yol azdırıb səni fələk,
Qarğıyıb başdan, binadan,
Yol başlayıb gedən karvan.

 

Bu zınqırov səfər himni,
Beynimdə ölənə kimi,
Mənim kinim, dəvə kini,
Bəxşişdi haqdan, xudadan,
Yol başlayıb gedən karvan.

 

Vətəndə Vətənə varaq,
Yolu yarı yolda qoyaq.
Haqqa üz tutub yalvaraq,
Çıxaq döyüşdən qəhrəman,
Yol başlayıb gedən karvan. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !