Mingəçevir şəhərində Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu mövzusunda konfrans keçirilib - FOTO

Mingəçevir şəhərində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda konfrans keçirilib FOTO

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda konfrans keçirilib.
Mingəçevir şəhər Turizm Kollecinin direktoru Əyyub Əyyubovun açıq elan etdiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, şəhər ictimaiyyəti, şəhərin təhsil və mədəniyyət işçiləri, tələbələr iştirak ediblər.
Konfransda “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. Natiq Əfəndiyev məruzəsində dini radikalizmə qarşı mübarizədə dini icmaların rolunun artırılmasının, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu” mövzusunda, Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, Mingəçevir şəhər Heydər məscidi axundunun müavini Bəhruz Əhmədov “Gənclərin tərbiyəsində dinin rolu” mövzusunda çıxışlar ediblər.
Çıxış edən natiqlər ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunmasından, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsindən və bu amillərin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs ediblər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !