AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR -

AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Oktyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları səmimi salamlayaraq bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni impuls verəcəyini söylədi. Qeyd edildi ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Bizi möhkəm dostluq və qardaşlıq telləri bağlayır. Səfər çərçivəsində keçirdiyiniz görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan sıx münasibətlərdən və siyasi iradədən xəbər verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik.
Spiker fürsətdən istifadə edərək qonağı Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilməyi münasibəti ilə təbrik etdi, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində olduğunu söylədi. Qeyd edildi ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi daha da dərinləşdirmişdir. Bu günədək ölkələrimiz arasında 32 sənəd imzalanmış, daha 13 sənəd isə baxılmaq üzrədir. Siyasi əlaqələrimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizin də dərinləşməsi üçün yaxşı zəmin yaradır. Belə hesab edirik ki, bu sahəyə Hökumətlərarası komissiya öz layiqli töhfəsini verəcəkdir.
Parlamentlər səviyyəsində əlaqələrin inkişafından söz açan Spiker bu sahədə dostluq qruplarının fəaliyyətini önəmli hesab etdi. Bildirildi ki, İslam Əməkdaşlıq Təşkilatı, BMT kimi beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz birgə səmərəli fəaliyyət göstərir, prinsipial məsələlərdə bir-birini dəstəkləyirlər.
Sədr Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirərək, problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə aradan qalxmasının önəmini ifadə etdi.
Söhbətdə bildirildi ki, ölkələrimiz arasında mədəni-humanitar münasibətlər yüksək səviyyədədir. Azərbaycan dost Pakistan xalqına öz dəstəyini heç zaman əsirgəməmişdir. Belə ki, Azərbaycanın Birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda Kəşmirin zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar üçün orta məktəb inşa edilmiş, 2010-cu ilin yayında sel fəlakəti nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bu ölkəyə yardımlar göstərilmişdir. Təqdirəlayiq haldır ki, bu sahədə münasibətlərimiz inkişaf etməkdədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümü münasibəti ilə xalqımızı və şəxsən Milli Məclisin Sədrini təbrik edərək, öz ürək sözlərini çatdırdı.
Qonaq ona Bakı Dövlət Universitetinin Fəxri doktoru adı verilməsinə görə minnətdarlığını ifadə etdi.
Bildirildi ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların müxtəlif beynəlxalq tədbirlərdə görüşləri təcrübə və fikir mübadiləsi baxımından çox önəmlidir.
Qonaq vurğuladı ki, onlar Azərbaycanın yerləşdiyi bölgədə baş verən prosesləri diqqətlə izləyir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. Qeyd edildi ki, 2012-ci ilin fevralında Pakistan Senatının Xarici əlaqələr komitəsi Xocalı soyqırımını tanıyan qətnamə qəbul etmişdir. Bunun ardınca 2013-cü ilin oktyabrında Senatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul olunmuşdur. Pakistan gələcəkdə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu mövqedən çıxış edəcəkdir. Pakistanın Baş naziri problemin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu söylədi. İkili standartların bu cür məsələlərin həllinə necə maneə törətdiyini öz ölkəsinin timsalında yaxşı bildiklərini qeyd etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !