Sona Vəliyeva : - Ay qapı bağlayan

Sona Vəliyeva : Ay qapı bağlayan

(Taleyi bağlı qapı arxasında həll edilən millətlərə)

 

Bu yandan açarı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan, ay qapı bağlayan.

 

Kimi bir salama yozar,
Kimi taleyinə yazar.
Bu nə dərddi, bu nə azar,
Bəsdir, ay qapı bağlayan.

 

Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?

 

Bu qapının cırıltısı
Min ilin qəlb sızıltısı...
Dərbənd, ya Gəncə ağrısı
Gəl açaq, qapı bağlayan.

 

Bu qapı gözüm qapağı,
İçin Vətənin torpağı.
Ürəyim yağı tapdağı,
Sən də bax, qapı bağlayan.

 

Keçmədim qapı varsa da,
Dərdi düşmən çarasında.
Torpaq, qapı arasında
Can verir, qapı bağlayan.

 

Aç, keçək, görüm yol hanı?
Ovut qəmdən oynayanı.
Gözümdə qapı dabanı
Öldüm, ay qapı bağlayan.

 

O ağ şallı kimdir, gəldi?
Duası haqqa yüksəldi.
Yağışdan açar ələndi -
Götür aç, qapı bağlayan. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !